Ermənistanın bəzi regionları bir sıra ölkələr üçün hələ də “qırmızı zolaqda”dır. Dövlət bu problemin həlli üçün hansı addımlar atır?

Ermənistan, bir neçə Avropa ölkəsi və ABŞ ilə əməkdaşlıq edərək, illər əvvəl “qırmızı zona”ya daxil edilmiş sərhəd bölgələrinin bu siyahıdan çıxarılması üçün işlər aparır.
Regiondakı hərbi əməliyyatlar və gərgin vəziyyət səbəbindən bir çox Avropa ölkələri və ABŞ, Ermənistanın müəyyən bölgələrini (xüsusən sərhəd ərazilərini) “qırmızı zolaq”da qeyd edib və öz vətəndaşlarına bu ərazilərə səyahətdən çəkinməyi tövsiyə ediblər.
Ermənistanın İqtisadiyyat nazirliyinin Turizm Komitəsinin sədri Lusinə Gevorqyan mətbuat brifinqində qeyd edib ki, 8 avqustda ABŞ-də Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanmasından sonra vəziyyət və qavrayış dəyişib:
“Turizm olduqca həssas sahədir və müharibə vəziyyətində olan ölkələr turizm baxımından zərər görür. 8 avqust sazişindən sonra görürük ki, ölkəmizə qarşı bu tendensiya dəyişir.
Məmnunam ki, müvafiq qurumlar səfirliklərlə əlaqəli işlər apararaq Ermənistanın bəzi bölgələrinin “qırmızı zolaq”dan çıxarılması üçün çalışır.
Əgər bu həyata keçsə, turizmə müsbət təsiri aşkar olunacaq. Biz turist axınlarını Syünik, Vayots Dzor və xüsusilə Cermuk hissəsinə yönləndirəcəyik”.
O, həmçinin qeyd edib ki, Avropa və ABŞ partnyorları ilə əməkdaşlıq artıq keçən ildən davam edir, lakin 2025-ci ilin 8 avqustundan sonra vəziyyət fərqlidir və müsbət inkişaflar üçün böyük ümidlər var.







