
Ermənistan Respublikasının balanslaşdırılmış xarici siyasəti, xüsusilə münaqişələr zamanı, böyük ehtiyatlılıq tələb edir. İranda və Yaxın Şərqdə gərginləşən vəziyyət Ermənistan tərəfindən dövlət səviyyəsində müəyyən addımlar atılmasını zəruri edir.
Bir çox analitiklər hesab edir ki, Ermənistan obrazlı desək, iki daş arasında qalıb və buna görə də rəsmi İrəvan hər addımını diqqətlə ölçüb-biçməli və dəqiq hesablamalıdır.
Rəsmi Yerevandan Tehrana telefon zəngi olub, Ermənistan və İran Xarici işlər nazirləri danışıb. Ararat Mirzoyan Abbas Araqçiya ali rəhbər və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.
O, həmçinin Ermənistanın zəruri humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Abbas Araqçi isə öz növbəsində təsdiqləyib ki, İran genişmiqyaslı müharibə vəziyyətindədir və şəhid liderinin qanının qisasını alacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı teleqramı göndərib.
O, Ayətullah Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu vurğulayıb və sonda dost İran xalqına sülh və dözüm arzulayıb.
Rəsmi və diplomatik bu addımlar Ermənistanın yaranmış vəziyyətdə hər hansı bir tərəfi seçməsi demək deyil. Bunu parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Vahagn Aleksanyan da izah edib:
“Xarici İşlər nazirliyimiz bütün tərəfdaşlarla işləyir və hamı ilə əlaqədədir. Bizim üçün prioritet, təbii ki, müxtəlif ölkələrdə bu hadisələrdən zərər çəkmiş Ermənistan vətəndaşlarıdır.
Hökumət və parlament çoxluğu baş verənlərdən ciddi narahatdır. Bütün mümkün ssenarilər müzakirə olunur və Ermənistan hər şeyə hazır olmaq üçün mümkün olan bütün səyləri göstərir”.
Qaynayan Yaxın Şərq Yerevanı hər addımı hesablamğa məcbur edir. Ermənistanın Təhlükəsizlik Şurası fevralın 27-də və martın 1-də iclas keçirib.
Müzakirələrin detalları açıqlanmır. Müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, bütün mümkün hesablamalar aparılır və vəziyyətin dəyişməsinin bütün ssenariləri nəzərə alınır.
Regional gərginlik fonunda Ermənistanın mövqeyi iranşünas Georgi Mirzabekyan tərəfindən müsbət qiymətləndirilir. Onun sözlərinə görə, Ermənistan üçün ən vacib məsələ təhlükəsizlik mühitinin qorunması və hadisələri diqqətlə izləməkdir.
Analitiklər qeyd edirlər ki, İran əleyhinə hərbi əməliyyatlardan bir neçə gün əvvəl Ermənistanın Müdafiə naziri Suren Papikyanın Tehrana səfəri də risklərin azaldılması baxımından mühüm addım idi.
Xüsusilə TRIPP və ABŞ tərəfinin iştirakı ilə bağlı Tehranın narahatlıqları fonunda bu səfər əhəmiyyətli idi. Bu baxımdan Ermənistan həqiqətən “iki daş arasında” qalmışdı – həm Qərb, xüsusilə ABŞ ilə, həm də İranla yaxşı münasibətlərə malikdir.
Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmond Marukyan isə diqqəti başqa məqama yönəldir. Onun sözlərinə görə, İran tarixdə bir gün ərzində Körfəz bölgəsinin 7 ölkəsinə zərbə endirən və ABŞ-ın 27 hərbi bazasını hədəfə alan yeganə ölkədir.
O vurğulayır ki, Yaxın Şərqdə baş verənlər qlobal düzənə təsirsiz ötüşməyəcək. Ermənistanın təhlükəsizlik sistemi isə çox həssas və mürəkkəbdir, birmənalı cavab yoxdur.
Ermənistan müxalifəti də narahatdır ki, Yaxın Şərqdəki vəziyyətdən Azərbaycan istifadə edə bilər. Bundan əlavə, humanitar və iqtisadi risklər də mövcuddur.
“Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan bildirib ki, İranla sərhəd uzun müddət bağlı qalarsa, ciddi iqtisadi itkilər olacaq. İran əsas ticarət marşrutlarından biridir. Hava daşımalarının pozulması, mümkün qaçqın axını və sərhədə yaxın müharibə riski də əlavə problemlər yaradır.
Analitiklər hadisələri izləsələr də, proqnozların qeyri-müəyyən olduğunu bildirirlər. Ehtimallardan biri də İranda pilotsuz uçuş aparatları istehsal edən zavodların bombalanmasının gələcəkdə Rusiya–Ukrayna müharibəsinə təsir göstərə biləcəyi ilə bağlıdır.







