
Avropa Birliyi aprelin əvvəlində Ermənistana 9–14 nəfərlik ekspert missiyası göndərəcək ki, hakimiyyət orqanlarına hibrid təhdidlərə və xarici informasiya manipulyasiyalarına qarşı mübarizədə kömək etsin.
“Azadlıq” radiosunun əldə etdiyi sənəddə qeyd olunur ki, missiya Ermənistanda 10–15 gün qalacaq.
Qrup Ermənistanın Baş nazirinin aparatı və Təhlükəsizlik Şurasının ofisinə kiberhücumlar və xarici informasiya manipulyasiyaları zamanı böhranların idarə olunması üçün plan və mexanizmlər hazırlamaqda kömək etməlidir.
Yardımdan faydalanacaq qurumlar arasında Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da olacaq.
Avropa İttifaqında hesab edirlər ki, Ermənistan intensiv hibrid fəaliyyətlərlə üzləşib və onların məqsədi demokratik institutları və cəmiyyətin etimadını sarsıtmaqdır.
Bu fəaliyyətlərə xarici informasiya manipulyasiyası və müdaxilə, kibertəhdidlər və seçki proseslərinin qanunsuz maliyyələşdirilməsi aid edilir.
Sənəddə qeyd olunur ki, bu təhdidlərin 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində daha da artacağı ehtimal olunur. Sənəd Avropa Şurası tərəfindən də təsdiqlənib.
Sənəddən aydın olur ki, Ermənistan ötən ilin noyabrında Avropa İttifaqına müraciət edib, yanvarda isə AB-nin qiymətləndirmə qrupu Ermənistana səfər edib və bu səfər ölkənin hibrid təhdidlər qarşısında həssaslığı barədə ümumi təsəvvür yaradıb. Sənəddə konkret nümunələr göstərilməyib.







