
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibinin 2025-ci il üçün illik hesabatında Cənubi Qafqazdakı hadisələrə toxunularaq Ermənistan və Azərbaycan arasında sülh prosesinin nailiyyətləri vurğulanıb.
“Armenpress”in məlumatına görə, Alyansın baş katibinin hesabatında NATO-nun təhlükəsizliyi üçün Cənubi Qafqaz regionuna böyük əhəmiyyət verilir.
“Cənubi Qafqaz, xüsusən də region Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzün təsirini hiss etməyə davam etdiyi bir vaxtda NATO-nun təhlükəsizliyi üçün vacibdir. 2025-ci ildə NATO Ermənistan və Azərbaycan arasında sülh yolunda əhəmiyyətli irəliləyişi alqışlayıb və ABŞ-ın sülh prosesinə davamlı töhfəsini yüksək qiymətləndirib. Avqustda sülh müqaviləsinin paraflanması nizamlanma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub və NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”, – deyə hesabatda bildirilir.
Hesabatda həmçinin qeyd olunur ki, NATO-nun “Building Integrity Programme”ı 2025-ci ildən bəri Ermənistan, Bosniya və Herseqovina, Kolumbiya, Gürcüstan, İraq, İordaniya, Moldova və Tunisə fəal şəkildə dəstək verir.
Proqram həmçinin Ukraynaya dəstək göstərərək NATO-Ukrayna qarşılıqlı fəaliyyətinə və müdafiə təchizatına diqqət yetirib.







