
Ermənistan Avropa İttifaqının yaxın tərəfdaşıdır və Brüssel Ermənistanla münasibətlərin dərinləşməsini gözləyir.
Bunu Avropa Şurasının prezidenti Antonio Kosta özünün X mikrobloqundakı paylaşımında qeyd edib.
O, xatırladıb ki, ilk Ermənistan-Aİ sammiti 4-5 may tarixlərində Yerevanda keçiriləcək. “Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşməyi səbirsizliklə gözləyirəm. Ermənistan Avropa İttifaqının yaxın tərəfdaşıdır və biz bu münasibətlərin dərinləşməsini gözləyirik”, – deyə Aİ Şurasının prezidenti yazıb.
O, Ermənistanla Avropa İttifaqını ortaq dəyərlər və beynəlxalq hüquq və qaydalara əsaslanan beynəlxalq nizama sadiqlik birləşdirdiyini qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün X mikrobloqunda Yerevanda keçiriləcək ilk Ermənistan-Aİ sammitinə də toxunub.
“Yerevan 4-5 mayda Ermənistan-AB sammitinə ev sahibliyi edəcək. Avropa Şurasının prezidenti Antonio Kostanı və Avropa Komissiyasının prezidenti Ursula fon der Layeni qəbul etməyi səbirsizliklə gözləyirəm. Strateji gündəliyimizi rəhbər tutaraq tərəfdaşlığımızı daha da gücləndirməyə sadiqik”, – deyə Paşinyan yazıb.







