
Parlamentin “Mülki Müqavilə” fraksiyasının deputatı Lilit Minasyan bəyan edib ki, Ermənistana qarşı hibrid müdaxilələr müxtəlif ölkələrin media platformalarında, əsasən də Rusiya, Türkiyə və Azərbaycan resurslarında özünü göstərir.
Alınan məlumata görə, parlament brifinqi zamanı müxalifətin “hakimiyyət hibrid müdaxilələrin mənbəyi olan dövlətin adını çəkməkdən çəkinir” iddialarına cavab verən Minasyan qeyd edib ki, ilk növbədə hibrid hücumun mahiyyətini dəqiq anlamaq lazımdır.
“Əvvəlcə müxalifətçilərimizə hibrid hücumun nə olduğunu anlamağı, sonra isə iddialar irəli sürməyi tövsiyə edirəm” — deyə o, bildirib.
Deputatın sözlərinə görə, hibrid hücumlar müxtəlif istiqamətlərdə, o cümlədən informasiya sahəsində həyata keçirilə bilən xarici müdaxilələrə aiddir:
“Xarici müdaxilə baxımından ölkələr müxtəlifdir və biz bunun təzahürlərini çox açıq və net şəkildə həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan mətbuatında görürük”.
Minasyan vurğulayıb ki, bu növ müdaxilələr tez-tez saxta məlumatların yayılması, o cümlədən baş nazir və hakimiyyət orqanları haqqında dezinformasiyalarla ifadə olunur:
Nəşrlər müxtəlif anonim saytlarda dərc edilir.
Vətəndaşları çaşdırmaq üçün tanınmış saytların adlarının dəyişdirilmiş versiyalarından istifadə olunur.
Minasyanın sözlərinə görə, hakimiyyət bu növ nəşrlərə operativ reaksiya verməyə və saxta məlumatlar geniş yayılmadan onları təkzib etməyə çalışır.
O, həmçinin media qurumlarını rəsmi təkzibləri izləməyə və yalan məlumatlarla mübarizəyə dəstək verməyə çağırıb:
“Biz bu məlumatları proaktiv şəkildə təkzib etmək üçün işləyirik və media vasitələrini bu təkzibləri izləməyə və yaymağa çağırıram”— deyərək o, qeyd edib.







