BaşlıcaSiyasət

Zohrab Mnatsakanyanın məqaləsi:  “TRIPP Ermənistan üçün geniş imkanlar pəncərəsidir”

Ermənistan Respublikasının sabiq Xarici işlər naziri Zohrab Mnatsakanyan “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” layihəsinin həyata keçirilməsi imkanlarına, onun Ermənistan üçün strateji əhəmiyyətinə, eləcə də layihənin reallaşdırılması yolunda mövcud çətinliklərə toxunub.

Verilən məlumata görə, EVN Report-da dərc olunmuş məqaləsində Zohrab Mnatsakanyan diqqəti ona yönəldib ki, Ermənistanda TRIPP layihəsi ətrafında gedən ictimai müzakirələr həm məhduddur, həm də düzgün istiqamətlənməyib.

Mnatsakanyan ictimai diskursda Ermənistanın suveren ərazisinin 43 kilometrlik hissəsinə həddindən artıq diqqət ayrılmasını, layihəyə əsl məna verən daha geniş geosiyasi və iqtisadi dəyişikliklərə isə çox az önəm verilməsini yanlış hesab edir.

“TRIPP sadəcə yerli infrastruktur razılaşması deyil. Ermənistan üçün bu, daha geniş mənada imkanlar pəncərəsidir. Layihə Avrasiya ticarət marşrutlarının daha geniş yenidən qurulması çərçivəsində yerləşir.

 Çünki geosiyasi gərginlik və təchizat zəncirlərindəki pozuntular hökumətləri və biznesləri Asiya ilə Avropa arasında malların hərəkət formasını yenidən nəzərdən keçirməyə məcbur edir” – deyə sabiq Xarici işlər naziri yazıb.

Onun xarakteristikasına görə, bu dəyişimin mərkəzində Çinlə Avropanı Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz – Transxəzər marşrutu dayanır.

Zöhrab Mnatsakanyanın fikrincə, bu layihə hələlik kifayət qədər inkişaf etməyib və nisbətən bahalı olaraq qalır, lakin onun cəlbediciliyi marşrutların şaxələndirilməsindədir.

“Rusiyadan keçən Şimal marşrutunun sanksiyalar səbəbindən məhdudlaşdığı, Süveyş kanalından keçən ənənəvi dəniz yollarının isə daimi təhlükəsizlik riskləri ilə üzləşdiyi bir dünyada alternativlərin mövcudluğu sürətlə strateji tərkib hissəsinə çevrilir” – deyə Mnatsakanyan qeyd edib.

Ermənistanın sabiq Xarici işlər nazirinin sözlərinə görə, bu kontekstdə TRIPP Ermənistana Şərq-Qərb istiqamətində inkişaf edən ticarət şəbəkələrinə qoşulmaq imkanı verir və düzgün istifadə edilərsə, ölkənin uzunmüddətli iqtisadi təcridini azalda, həmçinin yenidən əlaqələrin güc mənbəyinə çevrildiyi bir regionda onun əhəmiyyətini artıra bilər.

“Lakin imkanın mövcudluğu hələ iştirakın təmin olunması demək deyil. Azərbaycanda və Türkiyədə infrastrukturun inkişafı göstərir ki, Ermənistanı tamamilə kənarda qoyan alternativ marşrutlar formalaşa bilər.

Buna görə də risk təkcə Ermənistanın TRIPP-i yanlış idarə etməsi deyil, həm də onun ətrafında qurulan sistem üçün ikinci dərəcəli hala gəlməsidir.

Bu nəticədən yayınmaq daha geniş strateji yanaşma tələb edəcək. Təkcə tranzit nadir hallarda dayanıqlı iqtisadi dəyər yaradır. Bu, dəmir yolu, avtomobil yolları və logistika kimi əlavə infrastruktura yatırımlarla, eləcə də regional təchizat zəncirlərinə inteqrasiya ilə müşayiət olunmalıdır.

Ermənistanın Şimal-Cənub avtomobil dəhlizi və Türkiyə ilə bərpa oluna biləcək avtomobil və dəmir yolu əlaqələri kimi layihələr əlavə yox, mərkəzi əhəmiyyət daşıyır; çünki Ermənistanın regionun formalaşmaqda olan nəqliyyat arxitekturasında nə dərəcədə əhəmiyyətli iştirak edəcəyini məhz bunlar müəyyənləşdirir” – deyə Zöhrab Mnatsakanyan vurğulayıb.

Sabiq Xarici işlər nazirinin fikrincə, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı uzunmüddətli imkanlar da mövcuddur:

“TRIPP açıq şəkildə yalnız Vaşinqtondakı bir administrasiya ilə bağlı deyil. Avropada və ABŞ-da uran və litium da daxil olmaqla kritik minerallara artan tələbat diqqəti Mərkəzi Asiyanın resurs bazasına yönəldir.

Səmərəli regionlararası marşrutlar bu təchizatları qlobal bazarlarla birləşdirə bilər”.

Mnatsakanyanın fikrincə, Cənubi Qafqazda regiondaxili ticarətin təşviqi və şaxələndirilməsi üçün potensial imkanlar, sırf iqtisadi faydalardan əlavə, regional inteqrasiya və uzunmüddətli, dayanıqlı təhlükəsizlik üçün ümidverici və möhkəm zəmin yaradır.

“Geosiyasi məhdudiyyətlər də az əhəmiyyətli deyil. Yeni ticarət dəhlizləri qaçılmaz olaraq təsir imkanlarını yenidən bölüşdürür. Mövcud tranzit marşrutlarından həm iqtisadi, həm də strateji baxımdan çəki qazanan Rusiya və İranın bu inkişafları neytral şəkildə izləməsi az ehtimallıdır.

 Onların reaksiyaları – istər iqtisadi, istər siyasi, istərsə də başqa formada olsun – TRIPP-in fəaliyyət göstərəcəyi mühiti formalaşdıracaq. Buna görə də Ermənistan üçün məsələ tranzitin risk yaradıb-yaratmaması deyil, onun rıçağa çevrilə bilib-bilməməsidir.

Bu isə siyasətdən asılı olacaq. Suverenliyə dar çərçivədə fokuslanmaq, vacib olsa da, özlüyündə yetərli deyil. İnfrastruktur inkişafını iqtisadi və xarici siyasətlə uzlaşdıran, əlaqəliliklə güc arasındakı qarşılıqlı təsiri nəzərə alan daha inteqrə olunmuş strategiya lazımdır” – deyə Zöhrab Mnatsakanyan vurğulayıb.

Onun fikrincə, təhlükəsizlik təminatları dar hərbi və siyasi mənada başa düşüldükdə və böyük güclərdən gözlənilən müdafiəyə əsaslandıqda, dəfələrlə öz faydasızlığını sübut edib.

“Təhlükəsizlik təminatları və müdafiə maraqlara əsaslanır. Böyük güclərin maraqları dəyişkəndir və zamanla dəyişir. Belə təminatlar şübhəli qoruma yaradır.

Ən yaxşı halda onlar asılılıq və qorunan tərəflər üçün sonrakı təhlükəsizlik zəifliyi doğurur. Əlaqəlilik və şaxələndirmə, regional və qlobal təchizat və dəyər zəncirlərinə möhkəm inteqrasiya Ermənistanın həm regional, həm də qlobal səviyyədə əhəmiyyətini artırmağa hesablanıb.

Məhz bu əhəmiyyət qlobal aktorların suverenliyin, regional sülhün, sabitliyin və proqnozlaşdırıla bilmənin qorunması istiqamətində birləşmiş marağının mənbəyidir ki, bunlar da dayanıqlı milli təhlükəsizliyin mühüm əsaslarıdır.

Üç regional gücdən strateji baxımdan bərabər məsafə saxlamaq bu məqsədləri irəli aparmaq üçün əsaslandırılmış siyasət çərçivəsidir” – deyə Zohrab Mnatsakanyan məqaləsində yazıb və əlavə edib ki, TRIPP təkcə ərazi üzərindən hərəkət məsələsi deyil, dəyişən qlobal sistemdə mövqelənmə ilə bağlıdır.

Daha çox göstər
Back to top button