
Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacaq ki, bu da iki ölkə arasında sülhün institusionallaşdırılmasının ən mühüm vasitələrindən və alətlərindən biridir.
Alınan məlumata görə, Nikol Paşinyan bu barədə hakim “Mülki Müqavilə”partiyasının Ermənistan və Azərbaycan arasında sülhün institusionallaşdırılmasına dair seçkiönü proqram müddəasını təqdim edərkən deyib.
Hakim gücün seçkiönü proqramında deyilir:
Ermənistan və Azərbaycan arasında sülhün institusionallaşdırılması hələ 2024-cü ildə, Ermənistanın Tavuş bölgəsi hissəsində dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi ilə başlayıb.
Daha sonra Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının birgə fəaliyyət reqlamentinin imzalanması və ratifikasiyası ilə davam edib.
2025-ci il avqustun 8-də isə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması və Vaşinqton bəyannaməsi ilə sülh və nəqliyyat infrastrukturunun açılması prinsiplərinin təsdiqi ilə davam etdirilib”.
Bu müddəanı şərh edən Baş nazir Nikol Paşinyan qeyd edib ki, hakim güc sülhün institusionallaşdırılmasının artıq başladığını sənədləşdirir:
“Yenə xatırlatmaq istəyirəm ki, bunun həm də de-yure məcburi hüquqi əsası var. Söhbət Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyət reqlamentindən gedir.
Bu sənəd hər iki ölkənin Baş nazir müavinləri tərəfindən imzalanıb, sonra hər iki ölkədə ratifikasiya prosedurlarından keçərək hüquqi sistemin ayrılmaz hissəsinə çevrilib.
Həmin reqlamentdə qeyd olunub ki, Ermənistan və Azərbaycan delimitasiya prosesi üçün baza prinsipinin Alma-Ata bəyannaməsi olduğunu qəbul edirlər.
Bu isə öz növbəsində o deməkdir ki, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir” — deyə Baş nazir bildirib.
Nikol Paşinyan sülhün institusionallaşdırılması üçün atılmalı olan ilkin addımları da təqdim edib:
Vaşinqton bəyannaməsi (8 avqust 2025) və TRIPP-in icrası çərçivəsində (14 yanvar 2026) qəbul edilmiş məzmuna uyğun olaraq TRIPP layihəsinin reallaşdırılması regional kommunikasiyaların tam açılmasına gətirib çıxaracaq.
Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında paraflanmış sazişin yekun imzalanması, ratifikasiyası və orada nəzərdə tutulan addımların sonrakı icrası.
Onun sözlərinə görə, sülhün institusionallaşdırılması üçün sadalanan addımlar bununla bitmir: vətəndaş cəmiyyəti və işgüzar dairələrin nümayəndələrinin təmasları, ikitərəfli ticarət, siyasi, mədəni və humanitar dialoq mühüm alətlərdir.
“Mülki Müqavilə” partiyası Ermənistan-Azərbaycan münasibətləri kontekstində bu istiqamətlərin aktivləşməsini təşviq və dəstək edəcək.
“Sevinclə qeyd etməliyəm ki, artıq müəyyən layihələr reallığa çevrilir: Ermənistan və Azərbaycan arasında kiçik addımlarla ikitərəfli ticarət qurulur, vətəndaş cəmiyyəti nümayəndələrinin təmasları artıq konkret gedişata düşüb.
Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə sülhün institusionallaşdırılmasının ən vacib vasitələrindən biri olan işgüzar əlaqələr də qurulacaq”— deyə Paşinyan bildirib.







