
Ermənistan hava hücumundan müdafiə (HHM) məsələsində müstəsna olaraq yalnız özünə güvənməlidir. Verilən xəbərə görə, bu barədə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Parlamentdə jurnalistlərə verdiyi brifinq zamanı bəyan edib.
O, ordunun transformasiyası konsepsiyasına uyğun olaraq, Ermənistanın HHM sisteminin Rusiya HHM sistemindən ayrılmasının nəzərdə tutulub-tutulmadığı barədə suala cavab verərkən belə deyib:
“Ermənistan Respublikasının hava hücumundan, raket əleyhinə və dron əleyhinə müdafiə sistemləri baxımından biz yalnız özümüzə güvənməliyik.
Başqa heç kimə ümid bəsləməməliyik. Biz elə güclənməliyik ki, Ermənistan ərazisində qarşımıza qoyulan tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilək” — deyə Baş Qərargah rəisi qeyd edib.
O, həmçinin iddia edib ki, Ermənistan Respublikasının hava hücumundan müdafiəsi hazırda 2018-ci ildə ölkədə baş vermiş “Məxməri inqilab”dan əvvəlki dövrlə müqayisədə daha yaxşı vəziyyətdədir.
Xatırladaq ki, 2015-ci il yanvarın 23-də Moskvada Ermənistan və Rusiya arasında Qafqaz kollektiv təhlükəsizlik regionunda Vahid HHM sisteminin yaradılması haqqında saziş imzalanıb.
Sazişi həmin dövrdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzalamışdılar.
Vahid HHM sisteminin yaradılmasında əsas məqsəd Qafqaz regionunda hər iki ölkənin hava hücumundan müdafiə qüvvə və vasitələrinin birgə tətbiqi və inteqrasiyası idi.







