
ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Ermənistan-ABŞ tərəfdaşlığının müxtəlif istiqamətlərini vurğulamaq üçün bu həftə Sünikdədir.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Səfər çərçivəsində yerli rəsmilər, ABŞ mübadilə proqramlarının məzunları, “Sülh Korpusu”nun könüllüləri, vətəndaş cəmiyyətinin nümayəndələri, tələbələr və ABŞ-ın tərəfdaşları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qafandakı Amerika guşəsində işlər vəkili Allen “Təsisçilər Muzeyi” sərgisini təqdim edəcək, Meğridə ABŞ tərəfindən maliyyələşdirilən “ACCESS” proqramının şagirdləri ilə görüşəcək.
Həmçinin mövcud əməkdaşlıq barədə daha ətraflı məlumat almaq üçün Meğrinin sərhəd zonasına baş çəkəcək. Bundan əlavə, energetika təhlükəsizliyi və mümkün əməkdaşlıq məsələlərini müzakirə etmək üçün “ContourGlobal” şirkətinin Gorusdakı ofisinə səfər də planlaşdırılır.
Səfər Ermənistanla ABŞ arasında artan tərəfdaşlığı və iqtisadi imkanların genişləndirilməsi, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi, təhsil və mədəni irsin qorunmasına dəstək verilməsi, eləcə də ölkələrimiz üçün daha firavan gələcəyin qurulması istiqamətində davamlı birgə fəaliyyətimizi vurğulayır”— deyə məlumatda qeyd olunur.







