
Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanda AB-nin yeni Tərəfdaşlıq Missiyasının nümayəndə heyətini – AB Xarici Fəaliyyətlər Xidmətinin Mülki Əməliyyatlar Komandanı və İdarəedici Direktoru Stefano Tomatinin başçılığı ilə – qəbul edib.
Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının ofisindən bildirirlər ki, Armen Qriqoryan missiyanın yaradılmasını və Ermənistanda yerləşdirilməsini alqışlayıb.
Son illərdə AB tərəfindən Ermənistana göstərilən çoxtərəfli dəstəyi, habelə davamlılığın gücləndirilməsinə yönəlmiş imkanların inkişafı üzrə həyata keçirilən tədbirləri vacib sayıb.
Görüş zamanı həmsöhbətlər gələcək əməkdaşlıqla bağlı məsələləri də müzakirə ediblər. Yuxarıda qeyd olunanlar kontekstində Ermənistan Təhlükəsizlik Şurasının katibi missiya ilə Ermənistan dövlət orqanları arasında sıx əməkdaşlığın missiyanın mandatı ilə nəzərdə tutulmuş vəzifələrin tam və səmərəli icrasına töhfə verəcəyinə əminlik ifadə edib.







