
Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi nazirliyinin (YTSN) dəstəyi və “Startup Armenia” elmi-təhsil Fondunun təşəbbüsü ilə iyulun 26-dan avqustun 1-dək Sevan (Göyçə) sahilində “Seaside Startup Summit Armenia 2026” beynəlxalq texnologiya və sahibkarlıq tədbiri keçiriləcək.
YTSN-dən bildirirlər ki, sammit Ermənistanda artıq ardıcıl olaraq ikinci ildir təşkil olunur. İnnovativ ideyaların inkişafını, texnoloji sahibkarlığı və biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasını stimullaşdırmaq məqsədilə tədbirin təşkili üçün 2025 və 2026-cı illərdə dövlət büdcəsindən 200 milyon dram vəsait ayrılıb.
Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs erməni startapları üçün beynəlxalq əlaqələri genişləndirmək, investisiyalar cəlb etmək və qlobal bazarda rəqabətqabiliyyətliliyi artırmaq imkanı yaradır, eyni zamanda Ermənistanın regional texnoloji mərkəz kimi mövqelərinin möhkəmlənməsinə töhfə verir.
Bir həftə ərzində Sevan sahilində qeyri-formal düşərgə formatında müxtəlif ölkələrdən gəlmiş startap təsisçiləri, investorlar, vençur fondlarının nümayəndələri, texnologiya şirkətlərinin mütəxəssisləri, mentorlar və innovasiya sahəsinin ekspertləri toplaşacaq.
“Seaside Startup Summit Armenia 2026” çərçivəsində bir sıra tematik tədbirlərin keçirilməsi nəzərdə tutulur: World Youth Environment Festival, Sevan AgriTech Summit, WineTech Innovation Summit, Cyber Insurance Summit, Mining Innovation Summit və Sevan EV Rally. Tədbirə 50-yə yaxın ölkədən 2000-dən çox iştirakçının cəlb olunması gözlənilir. İyulun 30-da isə “Government Day” (Hökumət Günü) tədbiri keçiriləcək və bu müddətdə dövlət qurumları müxtəlif sahələrin problemlərinin həllinə yönəlmiş rəqəmsal təşəbbüslər və texnoloji həllər təqdim edəcəklər.







