BaşlıcaTəhlil

Vaşinqton Yerevan üçün yeni dəstəyi hansı məqsədlə hazırlayır?

ABŞ Nümayəndələr Palatasında 217 lehinə, 209 əleyhinə səslə 2027-ci maliyyə ili üçün milli təhlükəsizlik layihəsi qəbul edilib.

Bu sənəd ABŞ-ın digər ölkələrə təhlükəsizlik sahəsində yardımını da əhatə edir. Sənəddə Ermənistan da təhlükəsizlik yardımı almağı gözləyir.

 Amerika Erməni Şurası qanun layihəsinin qəbulunu alqışlayıb və Senatı sənədin yekun variantında Ermənistana aid müddəaları saxlamağa çağırıb.

ABŞ Nümayəndələr Palatası Ermənistana təhlükəsizlik yardımının genişləndirilməsini təsdiqləyib.

Bu mövqe 2027-ci maliyyə ili üçün “Milli Təhlükəsizlik, Dövlət Departamenti və Əlaqəli Proqramların Maliyyələşdirilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Konqresmenlər hər kəs üçün təhlükəsizliyin əhəmiyyətini vurğulayıblar.

Qanun layihəsinə əlavə olunan hesabatda qeyd olunur ki, Cənubi Qafqaz ölkələrinə ayrılan vəsaitlər regionda sülhün, sabitliyin, əməkdaşlığın və ABŞ-ın strateji maraqlarının təşviqinə töhfə verməlidir.

Sənədlə Ermənistan üçün Beynəlxalq Hərbi Təhsil və Təlim, habelə Xarici Hərbi Maliyyələşdirmə proqramları üzrə maliyyələşdirmənin artırılması təklif olunur.

Ermənistana aid beş təklif irəli sürülüb. Konqresmen Darrell İssa, əgər Ermənistana qarşı düşmənçilik hərəkətləri edilərsə, Azərbaycan rəsmilərinə, təşkilatlarına və maliyyə şəbəkələrinə qarşı sanksiyalar nəzərdə tutmağı, eyni zamanda sülh prosesinə dəstək verməyi təklif edib.

Oxşar təkliflə konqresmen Qeyb Ammo da çıxış edib:

“Azərbaycana yardımı məhdudlaşdırmaq, əgər Müdafiə naziri Azərbaycanın müəyyən şərtləri yerinə yetirdiyini təsdiq etməzsə – o cümlədən qoşunların Ermənistan ərazisindən çıxarılması, erməni hərbi əsirlərinin azad edilməsi, ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququnun tanınması və erməni mədəni irs abidələrinin mühafizəsi öhdəliyinin götürülməsi”.

Konqresmen Bred Şerman da ABŞ-ın Azərbaycanda saxlanılan erməni əsirləri azad etmək üçün bütün alətlərindən istifadə etməsini təklif edib.

Demək olar ki, eyni tələblərlə konqresmen Frenk Pallone da çıxış edib və erməni mədəni irs abidələrinin mühafizəsinin təminatını əlavə edib.

Amerika Erməni Şurası qanun layihəsinin qəbulunu alqışlayaraq, bunun ABŞ tərəfindən Ermənistanın strateji tərəfdaş kimi əhəmiyyətinin tanınmasından xəbər verdiyini və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verə biləcəyini vurğulayıb.

Konqresdən sonra layihə ABŞ Senatının müzakirəsinə təqdim olunacaq. Amerika Erməni Şurası Senatı sənədin yekun variantında Ermənistana aid qəbul edilmiş müddəaları saxlamağa çağırıb.

Son illərdə Vaşinqton İrəvana kibertəhlükəsizlik, sərhəd nəzarəti və enerji sahələrində 20 milyon dollardan çox təhlükəsizlik yardımı göstərib.

Həmçinin “Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb ki, bu da hərbi islahatlara dəstək, silah əldə etmək imkanları və illik birgə hərbi təlimləri nəzərdə tutur.

Son illərdə erməni-amerikan münasibətləri yeni strateji səviyyəyə çatıb, deyir politoloq Areq Koçinyan:

“Son üç il ərzində erməni-amerikan münasibətləri görünməmiş sürətlə inkişaf edir. Biz, əslində, üç il əvvəl strateji dialoq səviyyəsindən başladıq ki, bu da tərəfdaşlığın ən aşağı səviyyəsidir.

Münasibətləri strateji tərəfdaşlığa çatdırdıq, sonra üç mühüm istiqamət üzrə üç bəyannamə imzaladıq. İndi isə bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq.

ABŞ-da münasibətlərin iyerarxiyasına baxdım, növbəti səviyyə artıq MNNA-dır (Əsas Qeyri-NATO Müttəfiqi). Söhbət formal müttəfiqlik münasibətlərindən gedir”.

Mütəxəssislərin qiymətləndirməsinə görə, ABŞ-ın marağının sadə əsası var – Xəzərdən keçən nəqliyyat dəhlizlərinin ən qısa yolu Ermənistandan keçir:

“Orta Dəhliz və ya Transxəzər nəqliyyat dəhlizləri ideyası Vaşinqtonda çoxlu sayda ekspertlərin, siyasətçilərin, siyasi elitanın nümayəndələrinin təsəvvüründə Avrasiyanın gələcəyində böyük yer tutur.

 Yaxşı məlumdur ki, bu Transxəzər dəhlizlərinin “Qərbə doğru mümkün olan ən qısa yolu Ermənistandan keçir, Gürcüstandan keçməli olan alternativin isə hazırda Vaşinqtonda o qədər də böyük populyarlığı yoxdur”.

Amerika yardımının həcmindən və istiqamətlərindən asılı olmayaraq, Ermənistanın təhlükəsizlik mühiti bu mərhələdə Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı hesab edilən TRIPP proqramı ilə də formalaşır.

Daha çox göstər
Back to top button