BaşlıcaMədəniyyət

“Odissey” teleserialı Ermənistanda da çəkiləcək

Homerin “Odisseya” poeması əsasında yaradılan “Odissey” beynəlxalq teleserialının çəkilişləri Yunanıstanda və Ermənistanda həyata keçirilməsi planlaşdırılır.

Deadline-ın xəbərinə görə, layihəni Afinada fəaliyyət göstərən Tanweer Productions şirkəti, Amerika Tectonic prodüser şirkəti və ABŞ-da fəaliyyət göstərən USATV erməni telekanalı həyata keçirir.

Serialın şouranneri “Stranger Things”in ilk mövsümünün icraçı prodüseri Karl Qaydyusekdir.

Verilən məlumata görə, layihənin müəllifləri hekayəni Homerin məşhur poemasının yeni və daha realistik şərhi kimi təqdim edirlər.

Onların sözlərinə görə, serial Tunc dövrünün real dünyasını – müharibələr, dəniz səyahətləri, sui-qəsdlər və sağ qalma uğrunda mübarizə ilə yanaşı, Tunc dövrünün çöküşünə səbəb olan tarixi prosesləri də əks etdirəcək.

Teleserialın hazırlanması bir neçə il davam edib, çəkilişlərin başlanması isə gələn ilin əvvəlinə planlaşdırılır.

Serialın rejissoru Roel Reynendir ki, o, əvvəllər “Washington”, “Black Sails”, “Halo” və “Wu Assassins” layihələri üzərində çalışıb.

İcraçı prodüserlər arasında USATV-nin nümayəndəsi Vahaqn Sarqsyan, Cordan Dykstra, Denisa Yuhos, həmçinin Karl Qaydyusek, Şon Fineqan, Skott Uindhauzer, Noya Lanq, Bleyk Hos, Roel Reynen və Tanweer Productions-ın nümayəndəsi Dionisis Samiotis var.

“Biz bu epik hekayəni mümkün qədər real və tarixi reallıqlara yaxın şəkildə təqdim etmək istəyirik. Homerin əsərində Odisseyin səyahəti simvolik məna daşıyır.

 Lakin onun əsasında həm də real insan taleləri, seçimlər, itkilər və çətinliklərin öhdəsindən gəlmələr dayanır” – deyə Qaydyusek qeyd edib.

Öz növbəsində Cordan Dykstra layihə üzərində artıq demək olar ki, beş ildir çalışdıqlarını bildirib.

Onun sözlərinə görə, yaradıcı qrupun məqsədi tamaşaçılara qədim Ellin dünyasının mümkün qədər orijinal və maraqlı obrazını təqdim etməkdir.

Daha çox göstər
Back to top button