İctimaiyyət

Azərbaycanlı jurnalist hərbi hissədə döyüldüyünü deyir

Hazırda Azərbaycandan kənarda olan jurnalist İlqar Vəliyev bu ilin martında Ağdam rayonu ərazisində peşə fəaliyyətini yerinə yetirərkən işgəncələrə məruz qaldığını bildirir. Jurnalist əlaqəli qurumların araşdırma aparmasını istəyir.

Bu haqda onun ifadəsində yazılır. İfadənin tam mətnini jurnalistin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov yayıb.

Vəkilin açıqladığı ifadədə vurğulanır ki, müxtəlif media quruluşları ilə əməkdaşlıq edən İ.Vəliyev 2017-ci il martın 3-də atəşkəs pozuntuları ilə bağlı gərginlikdən sonra reportaj hazırlamaqdan ötrü cəbhə bölgəsinə yollanıb. Çəkiliş apararkən özlərini təqdim etməyən hərbçilər onu saxlayıblar.

İfadədə həmçinin vurğulanır ki, gözləri bağlanan jurnalist N saylı hərbi hissəyə aparılıb. İddialara görə, hərbi hissədə 4-5 nəfər jurnalisti yerə yıxaraq döyməyə başlayıblar. Onun bel və qarın nahiyəsinə zərbələr endirildiyi bildirilir. İfadəsinə görə, İ.Vəliyevdən tələb edirmişlər ki, “erməni casusu” olduğunu söyləsin.

“Mənim Gürcüstana gedib, oradan da gizli yolla Ermənistana keçib tapşırıq aldığımı bildirirdilər. Məni otağa salıb, belimə zərbələr endirirdilər, belimin üstünə çıxıb gəzirdilər”, – jurnalist nəql edir ki, onu daha sonra komandirlərin yanına aparıblar.

“Komandirin yanına apardılar, o, məni təhqir edib, “erməni casusu” olduğumu etiraf etməyimi istəyirdi. Mən ora jurnalist kimi getdiyimi və ermənilərlə əlaqəmin olmadığını deyirdim. Bu cavablar onları qane etmirdi və döyməyə başlayırdılar. Məndən sonra Ağdamda yaşayan qohumlarımın da gözlərini bağlayıb hərbi hissəyə gətirib sorğu sual etmişdilər”, – jurnalist ifadəsində yazır.

Onun yazdığına görə, hərbi hissədə saxlanılması ictimailəşdikdən sonra komandirlər narahat olmağa başlayıb. Axşam saatlarında onu azad ediblər. Ancaq xəbərdarlıq ediblər ki, baş verənlər haqda hər hansı məlumat yaymasın.

İ.Vəliyev Bakıya qayıdandan sonra jurnalist həmkarları onun fotolarını çəkiblər, xəsarət izlərini lentə köçürüblər. Bildirməsinə görə, ağrıları artan jurnalist bir neçə gün sonra müalicə almaqdan ötrü Gürcüstana gedib. Orda hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının da yardımı ilə müalicə alıb.

İfadədə bildirilir ki, ölkədən kənarda olduğu vaxt İ.Vəliyev barəsində hökumətə yaxın mediada yazılar yayılıb. Həmin yazılarda İ.Vəliyev qeyri-qanuni əməllərdə ittiham edilib. Jurnalist qeyd edir ki, Azərbaycanda barəsində cinayət işi də var. Ancaq cinayət işinin detalları açıqlanmır.

İlqar Vəliyevin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, baş verənlərin araşdırılmasından ötrü, gərəkli hüquqi addımlar atılacaq. Vəkil yaxın günlərdə Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Ombudsmana və digər əlaqəli qurumlara müraciət edəcək.

Jurnalistin iddiaları ilə bağlı hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button