İctimaiyyət

“Qurd yuvası”ında oxuyan Təranə Əliyevanın Türkiyədə qadın alveri

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Bakı şəhər sakini, 31 yaşlı Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org xəbər verir ki, cinayət işinin materiallarına əsasən T.Əliyeva tanıdığı qadınları işə düzəltmək adı altında Türkiyəyə aparıb, onları Aydın şəhərində zorla fahişəliyə məcbur edib. İmtina etmək istəyənləri isə müştərilərə döydürüb.

Təranə Əliyevanın biznes-karyerası zəngindir, o Bakının Binəqədi rayonundakı “Qurd yuvası” adlı restoranda özünün dediyi kimi inzibatçı olub, eyni zamanda müğənnilik edib. Arabir Türkiyəyə gedib-gəlib, orada da restoranlarda oxuyub. Daha hansı işlərlə məşğul olub, bu haqda detallı məlumat yoxdur. Amma Təranə Əliyevanın əməllərindən zərərçəkənlərdən dörd qadın ona qarşı ifadə verib.

Cinayət işinin materiallarına əsasən Təranə Əliyeva tanışları Sevinc  Balaşova, Gülnarə Həsənova, Almaz İbadova və Ellada  Məmmədovanı (ad və soyadlar dəyişdirilib – red.) Türkiyənin Aydın şəhərində işə düzəldəcəyi adı ilə aldadaraq bu ölkəyə aparıb. Onları pul müqabilində kişi müştəriləri ilə görüşdürüb, seksual istismara məruz qoyub.

Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2-ci maddələri ilə ittiham olunan T.Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin istintaqdan yayındığına görə axtarışa verilib və həbs olunub.

“Onlar elə Bakıda da bu işlə məşğul idilər…”

Qadın alverində təqsirləndirilən Təranə Əliyeva elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Binəqədi rayonu ərazisində yerləşən “Qurd yuvası” restoranında inzibatçı işlədiyini, 2009-cu ildən etibarən mütəmadi olaraq qonşu ölkəyə gedib-gəldiyini, müxtəlif restoranlarda müğənnilik etdiyini, heç kimi fahişəliyə cəlb etmədiyini göstərib.

Zərərçəkmiş Sevinc Balaşova ifadəsində göstərib ki, “Qurd qapısı”nda xadimə işlədiyi dövrlərdə Təranə Əliyevanı qiyabi tanıyıb. Həmin kafedə çalışan Gülnarə adlı xadiməylə isə yaxın rəfiqə olublar. 2014-cü ilin sonlarında Təranə həm ona, həm də Gülnarəyə Türkiyəyə getməyi təklif edib, orada klubda inzibatçı işlədiyini, işlərinin yaxşı getdiyini bildirib. Maddi sıxıntı içərisində olduğundan Təranənin təklifi ilə razılaşıb.

2015-ci ilin yanvarında Təranə həm özünə, həm də Gülnarə və Sevincə bilet alıb, birlikdə Türkiyəyə yollanıblar. Avtovağzalda onları Təranənin tanışı Ramazan adlı şəxs qarşılayıb. Birlikdə Aydın şəhərinin Nazilli qəsəbəsinə gəliblər.

“Təranə bizə hədə-qorxu gəldi…”

Təranə bu qəsəbədə uzun müddət yaşadığını, geniş əlaqələrinin olduğunu deyib. Habelə, həm ona, həm də Gülnarəyə münasib iş olmadığını, onun nəzarəti altında fahişəliklə məşğul olacaqlarını bildirib.

İş üzrə digər zərərçəkən Ellada Məmmədova ifadəsində göstərib ki, T.Əliyevanı ötən ilin sonlarından tanıyıb. Belə ki, T.Əliyeva ona turizm şirkətində işlədiyini, maaşının yaxşı olduğunu deyib. E.Məmmədova  yaxın münasibətdə olduğu Ruslana da bu barədə  bildirib. Ruslan da öz növbəsində yaxın zamanlarda Türkiyəyə gedib Təranədən iş istəyəcəyini deyib. Ötən ilin sentyabrında “Otto” klubunda Almaz İbadova ilə rastlaşan Ellada Təranə barəsində ona danışıb. Təranənin çox səmimi, yaxşı insan olduğunu, onu işləmək üçün Türkiyəyə dəvət etdiyini açıqlayıb: “Təranəylə telefonla danışarkən Almaz ona da iş tapmağı xahiş etdi. Təranə də cavabında dedi ki, sizin kimi qadınlarla işləmək imkanlarımız var. Bizi Ankaraya dəvət etdi”.

 

 

Daha çox göstər
Back to top button