
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Moskvaya səfər edəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Verilən məlumata görə, Paşinyan bunu Geğarkunik vilayətinin Martuni şəhərində sakinlərlə seçkiöncəsi görüşdə bildirib.
“Rusiya Prezidenti iyunun 1-də ad günümü təbrik etmək üçün zəng etmişdi, lakin biz həm də işgüzar söhbət etdik və razılıq əldə etdik ki, seçkilərdən sonra yenidən səfər edim, görüş keçirək və bütün aktual məsələləri həll edək” – deyə Paşinyan Avrasiya İqtisadi İttifaqında Ermənistan ətrafında yaranmış vəziyyətə və bu kontekstdə Ermənistan-Rusiya münasibətlərində mövcud olan inkişafa toxunaraq bildirib.
Paşinyan “Ermənistan” blokunun lideri Robert Koçaryanı, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa cəhd etməkdə ittiham edib.
“Müharibənin üçbaşlı partiyası Rusiyadakı tərəfdaşlarımızla münaqişəyə girmək kimi məqsəd qoymuşdu. Mən Rusiyadakı tərəfdaşlarımıza da dedim: biz sizinlə vuruşmayacağıq, mübahisə etməyəcəyik, söz-dava etməyəcəyik, biz sakit, səbirlə öz mövqelərimizi müdafiə edəcəyik.
Biz Rusiya Federasiyasının maraqlarına qarşı çıxış etməyəcəyik, lakin öz maraqlarımıza qarşı da çıxış etməyəcəyik” – deyə Paşinyan bildirib.







