İctimaiyyət

“Gəncə işi”nə görə həbs olunanların valideynləri aksiya keçirib

Avqustun 21-də keçən ilin iyul ayında Gəncədə baş vermiş hadisələrə görə həbs edilən və hazırda məhkəmə prosesləri gedən şəxslərin valideynləri etiraz aksiyası və Prezident Administrasiyasına yürüş keçirməyə cəhd ediblər.

Etiraz edənlər əllərində “Ya oğlumu azad et, ya da məni tut” sözləri yazılmış plakatlar tutaraq, uşaqlarının heç bir günahı olmadan həbs olunmasını vurğulayıblar. “Orada (Gəncədə – red.) uşaqlar nə ediblər ki? Əlində qılınc yox, avtomat yox, daş yox, taxta yox, heç nə yoxdur uşaqların əlində. Mənim oğlum skameykada oturub. Buna görə adama 8 il iş verirlər?”.

Aksiya iştirakçıları bildirib ki, səlahiyyətli orqanların nümayəndələri onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını desələr də, 13 aydır onlar Bakının küçələrində çarəsiz qalıblar. “Bu nə haqsızlıqdır? Ölən də bəlli, öldürən də, sifarişçilər də. Bu, hamısı dövlətin dırnaqarası məmurlarının arasında olan kürsü davasıdır. Bizim balalarımız isə bu oyunun qurbanıdırlar. Bu dövlətdə bizim yaşamağa hüququmuz yoxdursa, balalarımız kimi, bizi də həbs etsinlər”.

Etirazçılar REAL TV-də Gəncə hadisələrinə həsr olunmuş verilişə də etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, həbs olunanlar barəsində məhkəmə qərarı hələ ki, qüvvəyə minməyib. Belə olan halda onları cinayətkar adlandırmaq qanuna ziddir. Etirazçılar əlavə ediblər ki, bununla bağlı kanalın rəhbəri və verilişin aparıcısı Mirşahin Ağayevi məhkəməyə vermək niyyətindədirlər.

Əraziyə cəlb olunmuş polis qüvvələri yolu kəsərək yürüşə imkan verməyiblər. Aksiyanın bir iştirakçısı olan Sevinc Hüseynova saxlanılaraq Səbail Rayon 9-cu polis bölməsinə aparılıb. Lakin az müddətdən sonra o, sərbəst buraxılıb.

Aksiyanın sonunda iştirakçıların ikisini Prezident Administrasiyasında görüşə dəvət ediblər.

Daha çox göstər
Back to top button