Siyasət

Arif Hacılı: qarşıdan gələn ilər avtoritarizmə qarşı qətiyyətli mübarizə dövrü olacaq

Qarşıda duran 5 il Azərbaycanda avtoritar rejimə qarşı əvvəlki illərlə müqayisədə daha qətiyyətli mübarizə dövrü olacaq. bu fikri oktyabrın 13-də yenidən Müsavat Partiyasının sədri seçilmiş Arif Hacılı Turan agentliyinin “Çətin Sual” verilişinə müsahibəsində bildirib.

Onun fikrincə, sözügedən dövr “dəyişikliklər üçün şanslar və imkanlar” dövrü olacaq.

Hacılı qeyd edib ki, Müsavat demokratik dəyişikliklər uğrunda mübarizənin ilk cərgələrində gedəcək.

Partiya artıq öz qurultayında demokratik seçkilərin təşkili nümunəsini göstərib, sədr alternativ əsasla seçilib. Bu zaman o, təəssüflə Azərbaycanda demokratik seçkilər təcrübəsinin olmadığını qeyd edib.

“Azərbaycanda nə ombudsman, nə hakimlərin, nə prokurorların, nə partiyalar daxilində real seçkilər yoxdur. Azərbaycan hakimiyyəti xeyli dərəcədə cəmiyyətin seçkiləri onunla əlaqəsi olmayan bir siyasi proses kimi qəbul etməsinə nail olub.

Buna görə biz əvvəlcə partiya daxilində seçkilərə maraq oyandırdıq. Digər tərəfdən, Azərbaycan hakimiyyətindən tələb etdiyimizi tətbiq etdik. Biz alternativ seçkilər və Azərbaycanda ilk dəfə olaraq namizədlərin debatlarını keçirdik. Seçkilər şəffaf, azad və demokratik olub. Hesab edirəm ki, Müsavat-da keçirilən seçkilər nümunəvi idi”, deyə Hacılı bildirib.

Müsavat seçkilərdə iştirakı üçün minimum demokratik standartların təmin edilməsini zəruri hesab edir. Söhbət bərabərhüquqlu siyasi rəqabət üçün şərait yaradılmasından gedir.

Hacılının sözlərinə görə, Müsavat sözügedən məqsədlərə nail olmaq üçün siyasi təşkilatların və bütünlükdə cəmiyyətin birgə mübarizəsini təşkil etmək niyyətindədir.

Onun sözlərinə görə, yerli özünüidarə orqanlarının real səlahiyyətləri olmadığına görə siyasi partiyaların bələdiyyə seçkilərinə marağı azdır.

Ölkədə demokratik seçkilər üçün minimum şərtlər təmin edilə bilsə Müsavat parlament seçkilərində iştirak edəcək.

Daha çox göstər
Back to top button