
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda atəşkəs rejiminin monitorinqi üzrə birgə mərkəzin tikintisi barədə məlumat verib.
“Mərkəzin binasının tikintisi davam edir. Hərbçilərimiz öz missiyasına çox qısa müddətdə başlayacaqlar”, – “Anadolu” agentliyi Akardan sitat gətirir.
Onun sözlərinə görə, birgə mərkəzdə türk və rus generallar fəaliyyət göstərəcəklər. “İki ölkənin zabitləri barışığın uzunmüddətli xarakter alması üçün atəşkəs rejiminin monitorinqində birgə iştirak edəcəklər”, – nazir bildirib.
Akar xatırladıb ki, Mərkəzin fəaliyyətinin texniki aspektləri üzrə danışıqlar Türkiyə və RF Müdafiə nazirlikləri rəhbərlərinin müavinlərinin nəzarəti altında aparılıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, Azərbaycandakı Monitorinq Mərkəzinə bərabər sayda Rusiya və Türkiyə hərbçisi daxil olacaq.







