
Azərbaycan İnterpolu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixayıl Delyagini axtarışa verib.
Martın 28-də “Rossiya 1” və “Pervi” telekanallarında “60 dəqiqə” siyasi tok-şousunda Mixail Delyagin Türkiyəni ABŞ-ın peyki, Azərbaycanı isə “Türkiyənin proksi”, həqiqi təhdid adlandırıb və Azərbaycanı sərt şəkildə cəzalandırılmağa çağırıb.
“Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub”- deyə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında qeyd edilir.







