
Livanın kataeb.org portalı öz nəşrində İranın şimal-qərb sərhədlərində keçirdiyi hərbi təlimlərə toxunub.
Məqalədə İran və Azərbaycan prezidentləri arasında Astanada keçirilən görüşün maraqlı təfərrüatları yer alıb. Nəşr vurğulayır ki, İran təlimləri Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Cənubi Qafqazda sabitliyi pozduğu və Qarabağ münaqişəsinə Azərbaycanın xeyrinə müdaxilə etdiyi barədə bəyanatlarından bir neçə gün sonra başlayıb.
Bu kontekstdə R.Raisini Qazaxıstana səfəri zamanı müşayiət edən saytın mənbəsi İbrahim Rəisi ilə İlham Əliyev arasında görüşün dostluq şəraitində keçmədiyini, üstəlik, iki lider arasında mübahisənin olduğunu bildirib.
Mübahisə Əliyevin İran qüvvələrinin Azərbaycanla sərhəddə cəmləşməsini tənqid etməsindən və bunu Bakının təhlükəsizliyinə təhdid adlandırmasından sonra yaranıb.
Rəisi qüvvələrin əraziyə əyləncə və ya təlim üçün deyil, təhlükəsizlik və sabitliyin yaradılması, İranla Ermənistan arasında sərhədin dəyişdirilməsi və ya kəsilməsinə yönəlmiş istənilən plana qarşı mübarizə üçün göndərildiyini cavablandıranda da Əliyev kəskin reaksiya verib.
Əliyev Rəisi Azərbaycanla qarşıdurma yaratmaq üçün Ermənistanı silahlandırmaqda və hərbi yardım göstərməkdə ittiham edib. Rəisi bu ittihamları təkzib edərək, Əliyevi öz növbəsində “sionistlərə” tabe olmaqda ittiham edib. Rəisi İsrail müdafiə nazirinin Bakıya səfərini də tənqid edib.
O da qeyd olunur ki, Rəisi Əliyevi İrandakı etirazlar fonunda azərbaycanlı separatçıları dəstəkləməkdə və onlar üçün öz mediasını yaratmaqda ittiham edib. Əliyev cavabında qeyd edib ki, Tehran inqilabı ixrac etmək fikrindən əl çəkməyib.







