
“Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır”.
Bunu ER xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
“Azərbaycan tərəfi ilə ötən ilin sonunda Moskvada keçiriləcək görüş Laçın dəhlizinin qanunsuz blokadası və nəticədə yaranmış vəziyyətə görə təxirə salınmışdı. Biz indi görüşləri və müzakirələri bərpa etməyə hazırıq. Lakin qeyd etmək lazımdır ki, baş tutmayan görüş şəraitində belə Azərbaycanla danışıqlar prosesi dayandırılmayıb. Biz bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparmışıq”, – deyə Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, bölgədə sülh və sabitlikdə maraqlı olan müxtəlif tərəfdaşlar iki ölkə təmsilçilərinin görüşünün keçirilməsi təklifi ilə çıxış edir.
“Yaxın gələcəkdə belə görüşlər baş tutacaq”, – deyə nazir əlavə edib.
Ararat Mirzoyan Ermənistan tərəfinin mövqeyini bir daha təsdiqlədi və qeyd etdi ki, Bakı-Stepanakert dialoqunun beynəlxalq mexanizmi çərçivəsində həll yolu tapılmalı, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi və bununla bağlı məsələlər tənzimlənməlidir.
“Əlbəttə, bu problemlər Ermənistan-Azərbaycan nizamlanmasının böyük prosesinin bir hissəsidir. Biz bunu ilk dəfə demirik. Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərini həll etmədən regionda yekun nizamlanmanı, uzunmüddətli sülh və sabitliyin bərqərar olmasını real hesab etmirik”, – deyə Mirzoyan bildirib.







