
Ermənistan hökumətinin regionda sabit və davamlı sülh yaratmaq üçün siyasi iradəsi var. Bunu Ermənistanım xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı nazirlərinin görüşü zamanı bildirdi. Bu barədə məlumatı XİN yayıb.
“Biz bir çox hallarda qonşularımızla münasibətlərin tənzimlənməsi yolu ilə regionda davamlı sülh və sabitliyin bərqərar edilməsinə hazır olduğumuzu və qətiyyətimizi göstərmişik”, – nazir qeyd edib.
ER XİN başçısı qeyd edib ki, Ermənistan Brüsseldə liderlərin üçtərəfli görüşləri zamanı qəbul edilmiş ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin qarşılıqlı tanınması, rabitə və nəqliyyat infrastrukturlarının açılması ilə bağlı prinsiplər əsasında bu istiqamətdə irəliləməyə hazırdır.
“Hökumətimiz bu yaxınlarda sülh gündəminin bir hissəsi kimi “Sülh kəsişməsi” adlı baxışımızı təqdim etdi. Ermənistanın Azərbaycanla əsirlərin və məhbusların mübadiləsinə dair bu yaxınlarda birgə bəyanatına və COP29 konfransına razılıq verməsi Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq əzmimizin növbəti nümayişidir. Ümid edirik ki, bu müsbət impulsdan sonra Azərbaycan sülh prosesinə sadiq qalacaq”,- nazir deyib.







