
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin inkişafına diqqət çəkib.
Bunu Rusiya Baş nazirinin müavini, Aleksey Overçuk Yerevanda keçirilən hökumətlərarası komissiyasının iclasında deyib.
Jurnalistlərlə söhbətində Overçuk bildirib ki, iclas iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı məsələlərə həsr olunub və əməkdaşlığın demək olar ki, bütün istiqamətlərini əhatə edib.
“Biz Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin inkişafında yaxşı irəliləyiş əldə edirik”, – Rusiya baş nazirinin müavini bildirib.
Artıq iclas zamanı o, Rusiyanın Ermənistanın aparıcı ticarət tərəfdaşı olduğunu, 2023-cü ilin 9 ayı ərzində ticarət dövriyyəsinin həcminin əvvəlki ili 43,5 faiz üstələyərək 4,4 milyard dollara çatdığını vurğulayıb. O, kənd təsərrüfatı məhsullarının ixrac və idxalında yaxşı göstəricilərdən də danışıb.
İclasda nəqliyyat sahəsində əməkdaşlıq, sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.







