
Amerika administrasiyası İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri “ağılsızlıq” adlandırıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Uotsonun bəyanatında deyilir.
“Biz vəziyyəti qiymətləndirməyə davam edəcəyik, lakin ilkin qiymətləndirməyə görə, bu, ağılsız və qeyri-dəqiq zərbələr seriyasıdır. Birləşmiş Ştatlar İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”, – deyə Uotson vurğulayıb.
O, ABŞ-ın yüksək rütbəli İraq rəsmiləri, eləcə də Kürdüstan bölgəsindəki rəsmilərlə əlaqə saxladığını deyib: “Heç bir Amerika hərbçisinə və ya Amerika qurğularına ziyan dəyməyib”.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.
SEPAH yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə və son terror cinayətlərinə cavab olduğunu bildirib.







