
Gürcüstanın Xarici işlər naziri vəzifəsinə namizəd İliya Darçiaşvili parlamentdəki çıxışında bildirib ki, Tbilisi Ermənistan və Azərbaycan arasında danışıqlar platformasına çevrilmək istəyir və buna hazırdır.
Darçiaşvilinin sözlərini Sputnik agentliyinin Gürcüstan xidməti yayıb.
“Regionda sülh və sabitliyin təşviqi baxımından Gürcüstan “Sülh qonşuluğu” təşəbbüsünü irəli sürməklə mühüm addım atıb. Biz qonşu dövlətlərimizin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq.
Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün cari məsələləri, actual məsələləri müzakirə edə biləcəkləri məkana çevrilsin ki, bu da ölkələr arasında etimadın yaranmasına kömək edəcək” – deyə Darçiaşvili bildirib.
Parlamentdə çıxışı zamanı nazirliyə namizəd həmçinin Gürcüstan rəhbərliyinin regionda sülh və sabitliyin təşviqi istiqamətində mühüm addımlar atdığını, beləliklə də Tbilisinin Ermənistan və Azərbaycan arasında danışıqlar platformasına çevrildiyini qeyd edib və əlavə edib ki, Gürcüstan hökuməti bu saziş çərçivəsində davam etmək niyyətindədir. Yeni Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi Cənubi Qafqazın dünya miqyasında rolunun artırılması istiqamətində çalışır.
Cənubi Qafqazın dünya miqyasında rolunun artırılması istiqamətində işlər görülməlidir.
O, regiondakı çətin vəziyyətə baxmayaraq, Gürcüstanın balanslaşdırılmış siyasətini davam etdirdiyini və dəfələrlə Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verdiyini vurğulayıb.
Darçiaşvili bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün Gürcüstan Türkiyə, eləcə də Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətləri qoruyub saxlamağı və dərinləşdirməyi planlaşdırır.
2021-ci ilin sonlarında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Sülhsevər qonşu” təşəbbüsünü irəli sürüb və Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platforma yaratmağı təklif edib.
2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşü keçirilib.







