
“Turan” İnformasiya agentliyi bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi ilə telefon danışığı zamanı “haqsız yerə həbs olunanları” azad etməyə çağırıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin zəngi ilə bağlı bildirib ki, Dövlət katibi “gecikmədən” şülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb və “Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən əməkdaşlığı dəstəkləməyə sadiq qaldığını bir daha təsdiqləyib”.
“O, bir daha Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb. Dövlət katibi Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”, – Miller deyib.







