
Hökumətin iclasında Ermənistan və Avrasiya İnkişaf Bankı arasında “Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun vəsaitləri hesabına maliyyə kreditinin verilməsi haqqında” sazişi təsdiqlənib. Söz 100 milyon dollarlıq kreditin cəlb edilməsindən gedir.
Qərarın əsaslandırmasında qeyd olunur ki, ER 2024-cü il dövlət büdcəsinin makroiqtisadi və fiskal çərçivəsinə əsaslanaraq, 2024-2026-cı illər üzrə dövlət borcunun idarə olunması strateji planının məqsədlərinə uyğun olaraq 2024-cü il üçün illik borclanma planı hazırlanıb.
“Bunlara əsasən, 2024-cü ildə ümumi maliyyələşdirmə tələbi 970,9 milyard dram təşkil edir, bunun da 67,6%-i daxili mənbələrdən cəlb olunmuş vəsaitlər, 32,4%-i isə xarici kreditlər hesabına təmin edilib.
Ortamüddətli perspektivdə büdcəyə dəstək üçün kredit vəsaitlərinə tələbat ildə 400-450 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
Qeyd olunanları nəzərə alaraq, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun vəsaiti hesabına 100 milyon ABŞ dollarına yaxın büdcə dəstəyi kreditinin cəlb edilməsi zəruri hesab edilir.
Kredit müqaviləsinə əlavə olaraq iqtisadi siyasət islahatlarının siyahısı hazırlanıb, bu da əsasən Ermənistanın iqtisadi artım potensialının genişləndirilməsinə, əmək bazarının səmərəliliyinin artırılmasına yönəlib.
Ümumiyyətlə, proqram 2024-cü il üçün dövlət büdcəsi tərəfindən təmin edilən kəsirin maliyyələşdirilməsinə yönəlib və ER hökumət proqramının məqsədlərindən irəli gələn iqtisadi islahatları əhatə edir.







