
Ermənistanın Müdafiə naziri Suren Papikyan sentyabr ayında Cənubi Koreyaya səfər edib və “Hyundai Rotem” şirkəti tərəfindən hazırlanmış K2 “Qara Pantera” döyüş tanklarını almaq imkanını araşdırıb.
Alınan məlumata görə, bu barədə “Army Recognition” müdafiə xəbərləri platforması Cənubi Koreyanın “Chosun Biz” media orqanına istinadən xəbər verib.
Məlumata əsasən, Ermənistanın Müdafiə naziri sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə nazirliyi və Xarici işlər nazirliyi tərəfindən təşkil olunan süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib və Cənubi Koreya silahlarının tədarükü ilə bağlı danışıqlara başlayıb, xüsusilə K2 tankına maraq göstərib.

Cənubi Koreya ordusu tərəfindən istifadə edilən K2 döyüş tankı qabaqcıl texnologiyalarla təchiz olunub və dağlıq şəraitlərdə xüsusilə effektiv işləyir. K2 tankını Polşa və Türkiyə kimi ölkələr də əldə edib.

Daha öncə Ermənistan Müdafiə nazirliyi məlumat yaymışdı ki, Koreya Respublikasına işgüzar səfəri çərçivəsində Ermənistanın Müdafiə naziri Suren Papikyan sentyabrın 9-da “Hərbi sahədə məsuliyyətli süni intellekt” sammitində iştirak edib.
Tədbir çərçivəsində Papikyan Koreya Respublikasının Müdafiə naziri Şin Von-sik və Koreya Respublikasının Xarici işlər naziri Ço Txye Yol ilə görüşlər keçirərək beynəlxalq və regional təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edib. K2 dünyada ən bahalı tanklardan biri hesab olunur. Açıq mənbələrə görə, K2 tankının dəyəri 8,5 milyon dollar təşkil edir







