Aİ Ermənistana büdcə dəstəyi çərçivəsində əlavə 13 milyon avro ayıracaq

Aİ Ermənistan hökumətinə əlavə 13 milyon avro ayırmaq niyyətindədir. Bu barədə “Sülh kəsişməsi. təhlükəsizlik və demokratiyanı birləşdirərək” forumunda Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqos bildirib.
“Qeyd etmək istərdim ki, biz də Qarabağ ermənilərinin taleyi ilə məşğuluq. Bu məqsədlə Avropa İttifaqı və üzv dövlətlərin ayırdığı yardım ümumilikdə 100 milyon avroya çatır. Büdcə dəstəyi çərçivəsində hökumətin çiyinlərinə yüklənmiş yükü bölüşmək və bununla da islahatların həyata keçirilməsinə töhfə vermək üçün hökumət büdcəsinə 13 milyon avro əlavə edilməsi qərara alınıb. Qeyd edək ki, Aİ Nazirlər Komitəsinin iyulun 22-də qəbul etdiyi qərara əsasən, Ermənistan Sülh Fondundan faydalanır”, – Aİ səfiri qeyd edib.
O xatırlatdı ki, Avropa İttifaqının Sülh Fondunun vəsaitlərindən Ermənistana 10 milyon avro ayırıb.
“Bu, mürəkkəb prosesdir. Bununla belə, Avropa İttifaqının institutları, eləcə də üzv dövlətlər və Ermənistan bu istiqamətdə iş görüblər”, – deyə Maraqos bildirib.
Onun sözlərinə görə, aprelin 5-də Ermənistanın baş naziri və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüş zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın dayanıqlığına və inkişafına dəstək planını təqdim edib. Buna əsasən, növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant dəstəyi veriləcək.
“Ümid edirik ki, bu, Ermənistanın dayanıqlığının inkişaf etdirilməsində və onun Avropaya yaxınlaşmasında, xüsusilə biznes əlaqələrinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də regionda və qlobal bazarda davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm rol oynayacaq”, – deyə Maraqos bildirib.
O vurğulayıb ki, iqtisadi və investisiya proqramı çərçivəsində Aİ Ermənistana qrant və kreditlər hesabına 600 milyon avrodan çox sərmayə qoyub.







