BaşlıcaSiyasət

Analitiklər Türkiyənin Suriyadakı rolunu müzakirə edir

Türkiyənin Suriyada baş verən proseslərdə iştirakı açıq-aşkar görünür. “Amerikanın Səsi” analitiklərlə birlikdə Türkiyənin Əsəd rejiminin devrilməsindəki rolunu və Əsəd sonrası Suriyada Ankaranın münasibətlərinin perspektivlərini müzakirə edib.

İslamçıların rəhbərlik etdiyi müxalif qüvvələrin Dəməşqdə hakimiyyəti ələ almasından cəmi bir həftə sonra Suriya paytaxtında yenidən açılan Türkiyə səfirliyində Türkiyə bayrağı dalğalandı.

Məlumdur ki, Suriyada müxtəlif dini və etnik qruplar Türkiyənin roluna və əhəmiyyətinə fərqli yanaşır. “Amerikanın Səsi”nin erməni xidmətinə müsahibə verən, Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Suriya proqramının analitiki və Free Syria təşəbbüsünün qurucusu Rafif Coujati bu müxtəlif yanaşmaları vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə ilə bağlı fikirlər həm müsbət, həm də narahatlıq doğurandır.

“Bir çoxları Türkiyəyə inanılmaz dərəcədə minnətdardır. Türkiyə milyonlarla [suriya] qaçqını qəbul etdi və Suriya müxalifətinə dəstək verdi. Təbii ki, buna görə təşəkkür edirik.

Amma Türkiyə daha sonra suriyalı qaçqınlarla bəzi problemlər yaşadı. Pis rəftar halları oldu. Türkiyənin hərbi müdaxiləsi ilə bağlı suallar qaldırılır. Beləliklə, gördüyünüz kimi, müxtəlif fikirlər mövcuddur”– deyə Coujati bildirib.

Suriyaya gəldikdə isə Coujati Ankaranın iki prioritetini qeyd edir: suriyalı qaçqınlar və kürdlər.

“Türkiyə, şübhəsiz ki, milyonlarla suriyalı qaçqını qəbul etməkdə mühüm rol oynayıb. İndi isə qaçqınlar geri dönməyə başlayır… əgər orada yaşayış yerləri varsa.

Məncə, Türkiyənin əsas önəmliyi qaçqınları sistemli şəkildə evlərinə qaytarmaqdır. Eyni zamanda, düşünürəm ki, Türkiyə əmin olmaq istəyir ki, bizim [etnik mənşəli] kürd suriyalılarımız yalnız Suriyanın bir hissəsi olaraq qalsın”– deyə o, əlavə edib.

Coujati Türkiyə-Suriya münasibətlərinin gələcəyi ilə bağlı nikbindir və Ankaranın və Dəməşqin hazırda yaxşı qonşuluq münasibətləri qurmaq üçün yaxşı imkanlara malik olduğunu düşünür.

Analitik Türkiyənin Suriyanın yeni hakimiyyətinə humanitar dəstək göstərməkdəki rolunu vurğulayaraq, mövcud Suriyanın hazırkı şəraitdə Türkiyənin yardımına böyük ehtiyacı olduğunu qeyd edib.

“Bizə elektrik və təmiz su lazımdır. Biz yollarımızı bərpa etməli, nəqliyyatın əlçatan olmasını təmin etməli və insanlara qida verməliyik, çünki əhalimizin 80%-i yoxsulluq həddindən aşağıda yaşayır. Yaxın zamanda həll edilməli olan bir çox prioritetlər var” – deyə o, bildirib.

Digər tərəfdən, Karnegi Fondunun analitiki və Türkiyə parlamentinin erməni əsilli keçmiş deputatı Garo Paylan hesab edir ki, Türkiyə qaçqınlardan Qərblə münasibətlərində vasitə kimi istifadə edir. “Ərdoğan qaçqınlardan Qərbi susdurmaq üçün istifadə edir, onlara deyir ki, mənim daxili işlərimə qarışmayın, əvəzində qaçqınları Türkiyədə saxlayacağam, Qərb üçün bufer zona yaradacağam.

Baxın, bu siyasət bizi hara gətirdi. Türkiyədə demokratiya son on ildə geriləyib” – deyə Paylan qeyd edib.

Paylanın fikrincə, Türkiyə təxminən 15 il ərzində Əsəd rejimini devirməyə çalışıb və müxalif qüvvələr vasitəsilə Suriyada xaos yaradıb. O hesab edir ki, Ərdoğanın əsas məqsədi Suriyanı Türkiyənin peyk dövlətinə çevirməkdir.

“İndi Ərdoğan özünü fəthçi kimi hiss edir. O, Suriyanı Türkiyənin peyk dövlətinə çevirmək istəyir, bu barədə dəfələrlə danışıb. Və Qərb dövlətləri də bununla razıdır” – deyə Paylan vurğulayıb.

Cənubi Qafqaza toxunan Paylan qeyd edib ki, burada da vəziyyət gərgindir, çünki Bakı öz hərbi ritorikasını davam etdirir.

 “Əliyev hələ də özünü qalib hesab edir. Hələ də müharibə [aparmaq] gündəliyinə malikdir və Ermənistanla sülh müqaviləsi imzalamağa çalışmır” – deyə Paylan bildirib.

O, hesab edir ki, Qərb dövlətləri bölgədəki azsaylı millətlərə və ya kiçik dövlətlərə qarşı gələcək zorakılıqların qarşısını almaq üçün proseslərdə daha fəal iştirak etməlidir.

Paylanın fikrincə, ermənilər, ümumiyyətlə, xristianlar, kürdlər və fələstinlilər hələ də həssas vəziyyətdədirlər və yeni zorakılıqların qurbanı ola bilərlər.

“Düşünürəm ki, Qərb yalnız bu hökumətlərlə işləməməli, həm də avtokratlara qarşı müəyyən təzyiqlər göstərərək xalqın hüquqlarına hörmət edilməsini təmin etməlidir” – deyə o, əlavə edib.

Paylan ABŞ və AB-nə Türkiyədə demokratiyanın inkişafına diqqət yetirməyə çağırıb və qeyd edib ki, son illərdə Türkiyədə demokratiya geriləyib.

Analitik hesab edir ki, Qərb dövlətləri bəzi tələbləri yerinə yetirmək müqabilində Ərdoğandan demokratik şəraitin yaxşılaşdırılmasını tələb edə bilər.

Türkiyənin demokratikləşməsi təkcə Türkiyə və Ermənistan üçün deyil, bütün region üçün faydalıdır, çünki böyük və təsirli bir ölkə kimi Türkiyə bütün dövlətlər üçün nümunə ola bilər” deyərək Karo  Paylan yekunlaşdırıb.

Mətn factor.am-ə məxsusdur

Daha çox göstər
Back to top button