
Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyə filialı, Petkim bölməsinin gücünü genişləndirmək məqsədilə poliolefin istehsalı üzrə bir neçə yeni zavodun tikintisinə təxminən 7 milyard ABŞ dolları sərf etməyi planlaşdırır.
Bu barədə SOCAR-ın Türkiyə filialının emal və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev açıqlama verib, Duvar qəzeti isə Reuters agentliyinə istinadən məlumat yayıb.
“2025-2026-cı illərdə obyektlərin ətraflı mühəndislik layihəsi (FEED) hazırlanacaq və bu mərhələdə təxminən 50 milyon dollar ilkin investisiya tələb olunacaq” – deyə Mirzəyev bildirib.
O, qeyd edib ki, qərar dekabr ayında keçirilmiş idarə heyətinin iclasında təsdiq olunub və layihənin 5-10 il ərzində həyata keçirilməsi planlaşdırılır.
“Türkiyə poliolefinlərinin 90%-ə qədərini idxal edir. Bu təşəbbüs idxaldan asılılığı azaldacaq və SOCAR-ın Türkiyədəki gəlirlərini artıracaq” – deyə Mirzəyev əlavə edib.
Yekun investisiya qərarının 2026-cı ilin sonuna qədər qəbul edilməsi gözlənilir.
Təxminən 60 il əvvəl yaradılmış Petkim 2008-ci ildə SOCAR-ın tam mülkiyyətinə keçib. Həmin vaxt Azərbaycan şirkəti 2,04 milyard dollara nəzarət paketini alıb.
Hal-hazırda Petkim 16 istehsal zavoduna malikdir və 2024-cü ildə Türkiyənin daxili tələbatının 11%-ni ödəyərək 2 milyon ton neft-kimya məhsulu istehsal edib.
Bununla yanaşı, İsrailin Fələstinlilərə qarşı hərbi əməliyyatlarına dair Türkiyədə baş qaldıran ictimai narazılıqdan sonra ölkənin Ticarət nazirliyi Ankaranın İsraillə ticarəti tamamilə dayandırdığını elan edib.
Bununla belə, bəzi böyük şirkətlərin İsrail təşkilatları ilə əlaqələrini davam etdirdiyi məlumdur. SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İsrailə enerji daşıyır və hökumət özünü fələstinpərəst kimi göstərsə də, bir sıra dövlət rəsmiləri nümayişlərin fonunda şirkət nümayəndələri ilə görüşlər keçirib.
Fələstinpərəst bir neçə nümayişçi isə SOCAR-a qarşı keçirilən etiraz aksiyaları zamanı həbs olunub.







