
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, prezident Məsud Pezeşkianın hazırkı administrasiyası Ermənistanla ikitərəfli əlaqələri genişləndirməkdə qərarlıdır.
“İrna” xəbər verir ki, bu barədə o, Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə bildirib. Əraqçi görüşdə həmçinin İran və Ermənistan arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələrə və geniş əməkdaşlığa işarə edərək, hazırkı İran hökumətinin ikitərəfli əlaqələri mümkün qədər inkişaf etdirmək və dərinləşdirmək əzmində olduğunu vurğulayıb.
İran tərəfinin məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini regionda baş verən hadisələrlə bağlı İranın mövqeyini dəyərləndirərək, öz növbəsində, Ermənistanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istəyini və Ermənistanın xarici siyasətdə mehriban qonşuluq siyasətini davam etdirmək və İranla hərtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində yanaşmasını qeyd edib.







