BaşlıcaEkonomika

Paşinyan: “Ermənistan davamlı iqtisadi inkişaf orbitində qalmaqdadır”

Ermənistan Respublikasının Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin nəticələrinə görə, əvvəlki ilə (2023-cü il) nisbətən real ifadədə 5,9% artmışdır.

Bu haqda Facebook səhifəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan yazıb.

O, vurğulayıb ki, 2021-ci ildəki fövqəladə parlament seçkilərinin nəticələri əsasında formalaşan və 2021-2026-cı illər üçün illik orta iqtisadi artımın 7% hədəfi qoyulan hökumətin əsas məqsədi qorunub saxlanılıb.

2021-2024-cü illər üzrə nəticələrə görə orta artım 8,15% təşkil edib. 2023-cü ildə Ermənistanda iqtisadi artım 8,3%, 2022-ci ildə 12,6%, 2021-ci ildə isə 5,8% olmuşdur.

“2024-cü ilin orta illik göstəricilərinə görə Ermənistanda işçilərin sayı 760.555 nəfər təşkil etmişdir. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 203.878 nəfər və ya 36,6% artmışdır.

 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə artım 37.882 nəfər (5,2%) olub.

2024-cü ilin nəticələrinə görə illik orta aylıq nominal iş haqqı 287.172 Ermənistan dramı təşkil edib. Bu, 2018-ci illə müqayisədə 114.445 dram (66,3%) və 2023-cü illə müqayisədə isə 17.178 dram (6,4%) artım deməkdir.

2024-cü ilin sonunda inflyasiya 1,5%, 2018-2024-cü illərdə kümülativ inflyasiya isə 25,3% olub. Beləliklə, 2018-2024-cü illərdə əmək haqqının real artımı təxminən 40% təşkil edib.

Nəticə etibarilə, Ermənistan davamlı iqtisadi inkişaf orbitində qalmaqdadır. 2018-2024-cü illərdə ÜDM-in kümülativ artımı real ifadədə 43,5% olub.

Yəni, 2024-cü ilin nəticələrinə görə Ermənistanın iqtisadiyyatı 2018-ci ilin əvvəlinə nisbətən 43,5% böyüyüb” — deyə o, yazıb.

Daha çox göstər
Back to top button