
İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhaninin sözlərinə görə, İran Ermənistanla “Qaz əvəzinə elektrik enerjisi” layihəsi çərçivəsində əməkdaşlıq edir və hazırda Ermənistandan elektrik enerjisi idxalının və bu ölkəyə qaz ixracının həcminin artırılması məsələsini nəzərdən keçirir.
Bu haqda aprelin 3-də keçirilən “Hayk-İran: minillik qonşuluq” mövzusunda beynəlxalq konfransda Ermənistanda İranın Fövqalədə və səlahiyyətli səfiri Mühdi Sobhani bəyan edərək əlavə edib ki, Ermənistanın enerji resurslarına ehtiyacı var və İran bu tələbatı ödəyə bilər.
Onun sözlərinə görə, İran və Ermənistan iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. “Biz enerji resursları təmin edə bilərik, Ermənistanı Qlobal Cənub, Hindistan, Çabahar limanı və Fars körfəzi ilə əlaqələndirə bilərik.
Həmçinin, Ermənistanın Mərkəzi Asiya və İraqla əlaqə yaratmasına kömək edə bilərik. Ermənistan isə öz növbəsində İranı Şimalla və Qara dənizlə birləşdirə bilər, çünki o, Şimal-Cənub nəqliyyat dəhlizinin mərkəzində yerləşir” – deyə səfir vurğulayıb.
Səfirin qiymətləndirməsinə görə, Ermənistan İranın Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarlarına çıxışında mühüm rol oynaya bilər.
“Biz Ermənistanı yalnız 3 milyonluq bazar kimi yox, həm də 200 milyonluq Aİİ bazarına daxil olmaq üçün bir platforma kimi nəzərdən keçiririk”– deyə o, əlavə edib.
Mehdi Sobhani onu da qeyd edib ki, Ermənistanda İrana qarşı ictimai rəy digər ölkələrlə müqayisədə daha müsbətdir. Diplomat bunu İran və Ermənistan arasındakı xüsusi münasibətlərlə və iki ölkə arasında mövcud sıx əlaqələrlə izah edib.
O, həmçinin İran ermənilərinin ölkənin iqtisadiyyatı və mədəniyyətində mühüm rol oynadığını xatırladıb.







