BaşlıcaSiyasət

Wizz Air Yerevanda ilk bazasını açır: “2 təyyarə və Avropaya 8 yeni birbaşa reys”

Ermənistanın ən böyük aviaşirkəti olan Wizz Air, 2025-ci ilin oktyabrında ölkədə ilk bazasını “Zvartnots” beynəlxalq hava limanında açacaq.

Baza bu qış sərnişinlərə altı ölkəyə səkkiz yeni birbaşa reys təqdim edəcək və bununla da şirkətin Ermənistan aviasiya bazarındakı aparıcı mövqeyini daha da möhkəmləndirəcək.

Marşrut şəbəkəsinin genişlənməsi sayəsində Wizz Air Ermənistan və Avropa arasında hava əlaqəsinin əlçatanlığını artıracaq, sərfəli qiymətlərlə daha çox reys təklif edəcək.

Biletlər artıq rəsmi saytda – wizzair.com ünvanında və aviaşirkətin mobil tətbiqində satışdadır, qiymətlər isə cəmi 29.99 avrodan başlayır.

2025-ci ilin oktyabrından etibarən sərnişinlər Yerevan ilə Bari, Buxarest, Hamburq, Neapol, Nitsa, Memmingen, Pafos və Praqa arasında yeni birbaşa reyslərin rahatlığından yararlana biləcəklər.

Aviaşirkət həmçinin Dortmund reyslərinin tezliyini artıraraq həftədə 4 reys edəcək. 2025-ci ildə Wizz Air-in Ermənistan marşrut şəbəkəsi 10 ölkəyə 17 istiqaməti əhatə edəcək və 1,2 milyondan çox sərnişin üçün yer təmin edəcək.

Bu genişlənmə Wizz Air-in Yerevandakı “Zvartnots” hava limanında 34-cü bazasının açılması sayəsində mümkün olub. Burada iki müasir Airbus A321neo təyyarəsi yerləşdiriləcək.

2020-ci ildən etibarən, Ermənistanda fəaliyyətə başladığı vaxtdan bəri Wizz Air 2,2 milyondan çox sərnişin daşıyıb və aviasiya və turizm sahələrində təxminən 2,000 iş yerinin yaradılmasına səbəb olub.

Yerevanda bazanın açılması çərçivəsində şirkət təxminən 100 yeni əməkdaş – bələdçi və pilot heyəti cəlb etməyi planlaşdırır. Gözlənilən sərnişin axınının artması həmçinin əlaqəli sahələrdə təxminən 800 yeni iş yerinin yaradılmasına səbəb olacaq.

Yerevanda keçirilən mətbuat konfransında bazanın açılışı barədə danışan Wizz Air Macarıstanın icraçı direktoru Roland Tischner bildirib:

“Wizz Air 2020-ci ildə Ermənistana uçuşlara başladı, ilk reysimiz Vyanadan Yerevana endi. O vaxtdan bəri Ermənistan və Avropa, Yaxın Şərq ölkələri arasında 2,2 milyondan çox sərnişin daşımışıq.

Yerevanda ilk bazamızın açıldığını elan etməkdən məmnunuq, bu bizim şəbəkəmizdə 34-cü baza olacaq və Yerevandan birbaşa reyslərin sayını demək olar ki, ikiqat artıracaq.

“Zvartnots” beynəlxalq hava limanının əsas daşıyıcısı olaraq, ildə təxminən 1,2 milyon ucuz aviabilet təmin edəcəyik – həm erməni sərnişinlər, həm də turistlər üçün.

Ermənistan bazarındakı lider mövqeyimizi möhkəmləndirərək, ölkə iqtisadiyyatı və turizm sektorunun inkişafına dəyərli töhfə verməkdən, iş yerləri yaratmaqdan və sərnişinlər üçün nəqliyyat əlçatanlığını yaxşılaşdırmaqdan qürur duyuruq”.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan isə beynəlxalq nüfuza malik, geniş nəqliyyat şəbəkəsinə sahib aviaşirkətlərin Ermənistan aviasiya bazarına cəlb edilməsinin vacibliyini vurğulayıb:

“Bu, yalnız uçuşların coğrafiyasının genişlənməsinə deyil, ölkəmizdə xarici biznes mədəniyyətinin yeni yanaşmalarının tətbiqinə də kömək edəcək”.

Daha çox göstər
Back to top button