
Avropa və Beynəlxalq Hərtərəfli Araşdırmalar Mərkəzinin elmi işçisi, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Qafqazşünaslıq şöbəsinin müdiri Yevgeniya Qoryuşina Rusiyanın Cənubi Qafqazdakı siyasətinə, Ermənistan-Rusiya, Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq, Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən səhvlərə yol verdiyi barədə fikir bildirib.
Verilən məlumata görə, ekspert bu haqda APRI-2025 konfransında “Qeyri-sabit dünyada sabitliyin tapılması” adlı panel müzakirəsi zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı səviyyəsinə və Ermənistan-Rusiya münasibətlərində mövcud problemlərə toxunaraq qeyd edib.
“Əslində etiraf etməliyəm ki, bəli, Rusiya Cənubi Qafqazda müəyyən səhvlərə yol verib, çünki biz ekspert birliyi olaraq bu regiona çox diqqət yetirməmişik. Mən də Qafqaz ölkələri ilə dialoqu inkişaf etdirməliyik mövqeyini dəstəkləyirəm.
Mən hesab edirəm ki, Moskva bütün Qafqaz ölkələri ilə normal dialoq qurmalıdır. Biz də bunun üzərində işləyirik. Məncə, Cənubi Qafqaz regionu üçün mühümdür.
Həm tarixi, həm də geosiyasi baxımdan mən güman edə bilərəm ki, Rusiya yəqin ki, regionda öz rolunu gücləndirəcək” – deyə rusiyalı ekspert vurğulayıb.
Sonuncu Rusiyanın Cənubi Qafqazdakı rolunu ilk növbədə təhlükəsizlik arxitekturası ilə əlaqələndirərək həm 2020-ci ildə Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinə, həm də Ermənistanın Şirak bölgəsində Rusiya bazasının mövcudluğuna işarə edib.
Yevgeniya Qoryuşinanın fikrincə, Moskva yəqin ki, Qərbin və ya NATO-nun regionda hökmranlığının qarşısını almağa çalışaraq Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış nizamlanmanın tərəfdarı olacaq.
“Ona görə də Cənubi Qafqazda mövcud olan məsələlər təkcə Rusiya ilə Ermənistan və ya Rusiya ilə Azərbaycan arasında deyil. Məncə, bu, daha genişdir və biz bunu qəbul etməliyik” – deyə ekspert vurğulayıb.
Onun fikrincə, Rusiya eyni zamanda Türkiyə ilə mürəkkəb münasibətlərini idarə etməyə çalışacaq ki, bu da çox vacib amildir, çünki Türkiyə əsas regional oyunçu və Moskvanın həm əməkdaşlıq etdiyi, həm də rəqabət apardığı NATO üzvüdür.
“Rusiya yəqin ki, daha geniş regional iqtisadi əlaqəni təşviq edəcək. Rusiya bunu itirmək istəmir. Bu, Ermənistan, Azərbaycan və Gürcüstanı və hətta Şimal-Cənub dəhlizini də əhatə edən çoxtərəfli infrastruktur layihəsi vasitəsilə mümkündür” – deyə Qoryuşina bildirib.
Onun fikrincə, Rusiya Ermənistanla Azərbaycan arasında nizamlanma prosesində, xüsusən də sərhədlərin demarkasiyası və bu kimi məsələlərdə vasitəçi kimi çıxış etməyə davam edəcək. Yevgeniya Qoryuşina Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərinin mürəkkəbliyinə də toxunaraq vurğulayıb ki, Moskva hər iki istiqaməti balanslaşdırmağa çalışır, çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün mühüm tərəfdaşdır.







