Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması Aİ üçün vacibdir: Kalas

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesinin mümkün qədər tez başa çatması, tərəflər arasında əldə olunan razılaşmanın ən qısa zamanda imzalanması Avropa İttifaqı üçün vacibdir.
Bunu Kaya Kalas bildirib.
“Aydındır ki, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə həvəslə yanaşırıq. Və təbii ki, biz bu prosesin mümkün qədər tez başa çatmasını istərdik. Hesab edirəm ki, dünyada olan bu vəziyyətə görə bizə daha çox sabitlik lazımdır”, – o vurğulayıb.
Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kalas Bakıya səfəri zamanı Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sənədin tezliklə imzalanmasının zəruriliyinin qaldırıb-qaldırılmaması ilə bağlı sualı cavablandırarkən belə cavab verib:
“Təbii, mən Bakıya səfərim zamanı bu məsələni də qaldırmışam. Bu, həm də bizim maraqlarımızdan irəli gəlir, biz qarşılıqlı əlaqədən danışarkən biz hər iki ölkə üçün mövcud ola biləcək müxtəlif imkanları, o cümlədən Mərkəzi Asiyanı Avropaya bağlamaq kontekstini müzakirə edirik, bəli, bu prosesin mümkün qədər tez yekunlaşması vacibdir”.







