
İran-Ermənistan Dostluq Assosasiyasının rəhbəri Məhəmməd Rza Dəmavəndi, İranla Ermənistan arasındakı mövcud siyasi münasibətlərin səviyyəsini yüksək qiymətləndirsə də, eyni zamanda qeyd edir ki, iki ölkə arasında əməkdaşlığın və əlaqələrin digər sahələrini daha da dərinləşdirmək və inkişaf etdirmək zərurəti var.
Ekspert həmçinin İranın Qafqazdakı mövqelərini möhkəmləndirmək üçün Ermənistanla münasibətlərin dərinləşdirilməsinə böyük əhəmiyyət verir.
“IRNA” agentliyinin məlumatına istinadən iranlı ekspert bu baxış tərzini Tehran Universiteti ilə IRNA agentliyinin “İran-Ermənistan münasibətləri: regional və qlobal yeni düzənə keçid” başlıqlı birgə görüşündə ifadə etmişdir.
Dəmavəndi qeyd etmişdir ki, Ermənistanla İran arasındakı münasibətlər tarixi və mədəni xarakter daşıyır:
“Ermənilər min illərlə İranda yaşayıblar. Yeganə fərqimiz dinimizdir və münasibətlərimizin səviyyəsi heç cür mədəni və tarixi bağlılığımızın dərinliyi ilə müqayisə edilə bilməz”.
Ermənistan-İran iqtisadi əlaqələrinə toxunan ekspert qeyd etmişdir ki, İrəvanla Tehran arasındakı iqtisadi əlaqələr həqiqətən də zəifdir və hətta bir milyard dollara belə çatmır.
Onun sözlərinə görə, Qafqaz son onilliklər ərzində İranın xarici siyasətində itirilmiş halqa olub:
“Biz həmişə başqa coğrafi regionlara diqqət yetirib Qafqaza laqeyd yanaşmışıq. Qafqaza münasibətdə reaksiyamız passiv olub.
Sovet İttifaqının dağılmasından 34 il keçsə də, bizim bu regiona dair balanslaşdırılmış və aydın siyasətimiz yoxdur. Bakıdakı və İrəvandakı səfirlərimiz bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar verir və hər bir bəyanat digərinə ziddir”.
Məhəmməd Rza Dəmavəndi öz çıxışında, İran Silahlı Qüvvələrinin Birgə Baş Qərargahının keçmiş rəisi Şəhid Məhəmməd Baqeriyə (red: İsrail və İran arasında 12 günlük müharibə zamanı şəhid olub) istinad edərək onun “Qafqazın geosiyasi təhlili:
regionda daha yaxşı xarici siyasət formalaşdırmağın əsası” kitabını qeyd etmiş və bildirmişdir ki, Baqeri 1980-ci illərdən etibarən Qafqazın əhəmiyyətini başa düşmüş və tezisini bu regionun öyrənilməsinə həsr etmişdir.
“Lakin biz hələ də sahənin reallığını anlamamışıq və bu regiona diqqət yetirmək iradəsi formalaşmayıb. General-mayor Baqeri Cənubi Qafqaz haqqında kitabında aydın yazmışdır ki, Cənubi Qafqazda dominant mövqe tutmaq üçün Ermənistanın yollarını tikməliyik, amma təəssüf ki, bunu həyata keçirmək iradəsi yoxdur”.
Ekspert həmçinin ABŞ-nin tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məsələsində İran üçün Ermənistanın rolunun əhəmiyyətini vurğulamışdır.
“Sanksiyalar dövründə Ermənistan göstərdi ki, regional və qlobal bazarlara girişimiz baxımından nə qədər effektiv ola bilər”.
İqtisadi əlaqələrdən bəhs edən Dəmavəndi, İranla Ermənistan arasında Araz çayı üzərindəki ilk körpünün Şimal-Cənub dəhlizinin həyata keçirilməsi üçün kifayətsiz olduğunu bildirmişdir:
“Əgər Çabahar Şimal-Cənub dəhlizi çərçivəsində Qara dənizə qoşulmalıdırsa, onda bizə ikinci körpü lazımdır, çünki mövcud tək körpü keçən yüklərin böyük həcmini qarşılaya bilməz”.
Ekspert görüş zamanı həmçinin erməni lobbisinin dünyanın müxtəlif ölkələrində siyasi arenada böyük rol oynadığına diqqət çəkərək bunun “ölkələrin İrana olan siyasi yanaşmasını dəyişdirmək işində effektiv ola biləcəyini” əlavə etmişdir.
İran-Ermənistan Dostluq Assosasiyasının rəhbəri həmçinin fikrini bildirmişdir ki, son onilliklərdə İranın erməni bazarındakı rolu azalıb:
“Erməni bazarı bir zamanlar tamamilə bizim əlimizdə idi, amma biz bunun həmişə belə qalacağını düşündüyümüz üçün ona laqeyd yanaşdıq və əgər bu laqeydlik davam etsə, onu itirə bilərik”.
Dəmavəndi həmçinin Ermənistan və İranın birgə film istehsalı barədə də danışaraq qeyd etmişdir ki, bunun olmaması iki ölkə arasında mədəni və sosial mübadilə sahəsində hərəkətsizlikdən xəbər verir.







