BaşlıcaSiyasət

ER Xİ naziri: “Biz Azərbaycanın şərtləri ilə razı deyilik”

Vaşinqton bəyannaməsində Ermənistan və Azərbaycan blokadanın aradan qaldırılmasına dair əsas prinsiplər barədə razılığa gəliblər və bu, son dərəcə vacibdir.

 Bu haqda Almaniyanın “Deutsche Welle” kanalına müsahibəsində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib.

O, bunun danışıqlar prosesinin ən vacib aspektlərindən biri olduğunu vurğulayıb: Ermənistan ərazisində yerləşən infrastruktur Ermənistanın, Azərbaycan ərazisindəki infrastruktur isə Azərbaycanın yurisdiksiyası altında işləməlidir.

“Biz həmçinin sülh müqaviləsini əvvəlcədən imzaladıq ki, bu da çox vacibdir. Paralel olaraq yerli səviyyədə proseslər gedir.

Məsələn, dövlətlərarası sərhədin delimitasiyasına başlamışıq. Artıq 12 kilometrlik sərhəd xətti müəyyən edilib. Bu, presedentsiz haldır.

Həmçinin bu prosesin necə davam etdiriləcəyi barədə qarşılıqlı anlaşma mövcuddur: biz prinsiplər ətrafında razılığa gəlmişik” — deyə nazir əlavə edib.

Mirzoyan qeyd edib ki, bu, asan proses deyil, əks halda hər şey çoxdan həll olunardı. O, delimitasianın eyni tempdə və ya daha da sürətlə davam edəcəyini ehtimal edib.

Nəqliyyat əlaqələri və sülh müqaviləsi

“Nəqliyyat əlaqələrinə gəldikdə, Ermənistan və ABŞ dəmiryolunun bir hissəsinin taleyi barədə razılığa gəliblər. Bu hissə inşa ediləcək və sonradan ABŞ-Ermənistan konsorsiumu tərəfindən qorunacaq, məsələn, gündəlik əməliyyatları həyata keçirmək üçün üçüncü şirkətə icarəyə verilə bilər.

Növbəti addım bu şərtlərin razılaşdırılması, sonra isə qalan dəmiryolunun inşasına başlanılması olacaq. Bu, həmçinin boru kəməri də ola bilər, lakin burada sıfırdan başlamaq lazımdır.

Növbəti mərhələ sülh müqaviləsinin imzalanmasıdır. Lakin burada bir nüans var: təəssüf ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün əvvəlcədən şərtlər irəli sürür. Biz bununla razı deyilik və etirazlarımız var. Onlar hesab edirlər ki, bizim Konstitusiyamızla bağlı problem var — bu onların nöqteyi-nəzəridir.

Onlar Konstitusiyanın dəyişdirilməsini tələb edirlər. Bu, bizim qəbul edə bilməyəcəyimiz şərtdir. Eyni zamanda, biz 2018-ci ildən Konstitusiyanın dəyişdirilməsi və ya yeni Konstitusiyanın qəbulu barədə müzakirələr aparırıq. Komissiya artıq işini yekunlaşdırır və 2026-cı il parlament seçkilərindən sonra bu məsələ üzrə referendum keçirilə bilər.

Bizim Konstitusiyamızda Azərbaycana qarşı heç bir ərazi iddiası ifadə edilmir. Azərbaycan tərəfinin irəli sürdüyü problem sadəcə mövcud deyil. Lakin Azərbaycan burada problem görür və buna görə də əvvəlcədən şərtlər qoyur.

Biz bu şərtlə razı deyilik, amma dediyim kimi, Ermənistanda yeni Konstitusiyanın qəbulu artıq müzakirə olunur. Biz sülh müqaviləsini dərhal imzalamağa hazırıq” — deyə Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button