
Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh prosesinin və münasibətlərin normallaşmasının hazırkı dinamikasını alqışlayır.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili bildirib.
O, ABŞ-nin Cənubi Qafqazda baş verən hadisələrdə iştirakına toxunaraq, bu kontekstdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesinə diqqət çəkib.
“Biz görürük ki, regionumuzda ABŞ Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli prosesində fəal iştirak edir. Biz hazırda iki ölkə arasında baş verən və münasibətlərin normallaşdırılmasına yönəlmiş dinamikanı alqışlayırıq”.
Nazir həmçinin qeyd edib ki, Cənubi Qafqazın sülhə və sabitliyə ehtiyacı var.
“Orta Dəhlizdəki rolumuz daha vacib olarsa, bu, yalnız hər kəs üçün, ilk növbədə ölkəmiz üçün faydalı olacaq. Biz bu prosesləri izləyirik və təkcə izləmirik, həm də iştirak edirik”, – Maka Bojorişvili bildirib.







