
Avropa İttifaqının genişlənmə siyasəti üzrə ali nümayəndəsi Marta Kos Ermənistan və Azərbaycan arasında yekun sülhün bərqərar olmasına nikbin baxır.
Armenpress-in müxbirinin verdiyi məlumata görə, bunu Brüsseldə erməni jurnalistlərlə görüşündə Marta Kos Azərbaycan hakimiyyətinin ritorikasının dəyişmədiyini, həmin ölkənin prezidentinin qondarma “Qərbi Azərbaycan” məsələsini gündəmdə saxladığını nəzərə alaraq, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olacağına inanıb-inanmadığı sualına münasibət bildirərkən deyib.
“Mən Bakıda olmuşam, Azərbaycan prezidenti ilə danışmışam, Yerevanda sizin prezidentinizlə, baş nazirinizlə də danışmışam. Mən hər iki ölkədə çox müsbət siqnallar almışam. Beləliklə, bəli, inanıram. İnanıram ki, sülh mümkündür və bilirsiniz, indi baş verənlər artıq müsbət istiqamətdə inkişafdır”, – Kos deyib.
O xatırladıb ki, son vaxtlar erməni və azərbaycanlı ekspertlərin bir-birinin ölkələrinə qarşılıqlı səfərləri olub ki, bu da əvvəllər sadəcə olaraq ağlasığmaz idi. Aİ-nin ali komissarı Ermənistan və Azərbaycan arasında yekun sülhün bərqərar olmasında Türkiyənin rolunu da vurğulayır.
“Sabah Türkiyənin xarici işlər naziri ilə görüşəcəyəm, Ermənistanla Azərbaycan arasında baş verən hadisələrlə bağlı da təmasdayıq. Kənardan izləyəndə niyyətlərin real olub-olmadığına şübhə ilə yanaşa bilərsiniz. Mən onların real olduğunu hiss edirəm, çünki Amerika Birləşmiş Ştatları da bu işdə iştirak edir. Söhbət Ermənistan və Azərbaycan arasında sülhdən gedir, bu, iki ölkə arasında sülhdən qat-qat artıqdır, bu, regional sülh barədədir. Ona görə də çox pozitiv yanaşıram.
Və məncə, bəli, bu sülh müqaviləsi hələ imzalanmalıdır, lakin biz hamımız, o cümlədən Avropa İttifaqı hər şeyi etməliyik ki, sizin ölkəniz (red. Ermənistan nəzərdə tutulur) və Azərbaycan sülh şəraitində yaşasın. Üzərində işlədiyimiz və ümid etdiyimiz budur”, – deyə Marta Kos yekunlaşdırıb.







