
Dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana buğda tədarükü davam edir. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Azərbaycan üzərindən Ermənistana buğda tədarükünün davam edib-etməməsi ilə bağlı suala Gevorq Papoyan belə cavab verib: “Davam edirlər, indi yolda yeni partiyalar var”.
Papoyan buğdanın hansı ölkələrdən gətirildiyi barədə ətraflı məlumat verməyib. “O gələndə tonları dərc edəcəm. Hazırda bundan artıq deyə bilmərəm”, – Papoyan qeyd edib.
2025-ci il noyabrın 6-da Rusiya buğdasının bir partiyası Azərbaycan vasitəsilə Ermənistana gəlib. 1000 tona yaxın buğda Azərbaycandan keçməklə dəmir yolu ilə Rusiyadan Ermənistana daşınıb. Noyabrın 8-də daha bir Qazaxıstan buğdası partiyası, yenə 1000 ton Azərbaycan üzərindən Ermənistana çatmışdı. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qərarını alqışlayıb və Ermənistanın öz növbəsində öz ərazisindən Azərbaycana yüklərin daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Noyabrın 6-da Rusiya Nəqliyyat Nazirliyi Azərbaycandan keçən dəmir yolu marşrutu ilə 2026-cı ilin yanvar ayının sonuna kimi Ermənistana daha 132 vaqon buğda ixrac edəcəyini açıqlayıb.







