BaşlıcaSiyasət

Baş nazir “Tramp Yolu” layihəsinin icrasına toxunub

Ermənistan və ABŞ “Tramp Yolu” layihəsinin strateji çərçivəsini təsvir edən sənəd hazırlamaq prosesindədirlər.

Bunu brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bunu açıqlayıb.

“Ermənistan və ABŞ hər iki tərəfin müəyyən formatda qəbul etməli olduğu “Tramp Yolu” layihəsinin strateji çərçivəsini təsvir edən sənəd hazırlayırlar və bundan sonra növbəti addım başlayacaq. Mənim proqnozum eyni olaraq qalır ki, 2026-cı ilin ikinci yarısında “Tramp Yolu” layihəsi üzərində işlərə başlayacağıq”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan “Tramp Yolu” layihəsi çərçivəsində ilk işin dəmir yolunun tikintisi olacağını güman edir.

“Dəmir yolunun ilk layihə olacağını güman edirəm, baxmayaraq ki, iqtisadi məqsədəuyğunluğun və investisiya cəlbediciliyinin bir qədər aydınlaşdırılacağını və qaz və ya neft kəməri layihəsinin daha tez həyata keçirilməli olduğunu istisna etmirəm.

Amma mən heç bir işarə etmirəm, sadəcə prosesin dinamik olduğunu və bəzi hallara görə neft və ya qaz kəmərinə ehtiyacın daha prioritet olduğunu demək istəyirəm.

Hazırda, bizim fikrimizcə, dəmir yolu prioritetdir. Dəmir yolunun özəlliyi ondadır ki, onun marşrutu aydındır, çünki əvvəllər həmin hissədə dəmir yolu olub”, – deyə o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan hökuməti müasir sərhəd və gömrük infrastrukturunun və ən müasir avadanlıqların alınması üzərində də işləyir və bu avadanlıqlar təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, həm də Ermənistan-Gürcüstan, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində tətbiq olunacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev 8 avqustda Vaşinqtonda bəyannamə imzalayıblar. Bəyannamənin 4-cü bəndində deyilir: “Ermənistan Respublikası Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan Respublikası ərazisində Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) kommunikasiya proqramının həyata keçirilməsi üçün çərçivəni müəyyən edəcək. Bu məqsədə mümkün qədər tez çatmaq üçün bütün tədbirləri vicdanla görmək əzmində olduğumuzu təsdiqləyirik”.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp Yolu” layihəsinin Ermənistan hökuməti tərəfindən təqdim edilən “Sülh Yolları Kəsişməsi” layihəsinin ayrılmaz hissəsi olduğunu açıqladı. “Tramp Yolu” layihəsi həmçinin Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasının qarşılıqlı prinsiplərini qoruyaraq, Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisi vasitəsilə Naxçıvanla əlaqəsini təmin edəcək.

Daha çox göstər
Back to top button