
Yaxın Şərqdə, xüsusən İran ətrafında gərginlik artır. Beynəlxalq mətbuat tez-tez ABŞ-nin İrana hava hücumu etmək ehtimalına diqqət yetirir.
Lakin qeyd olunur ki, Donald Trumpın hələ də sonrakı addımlar barədə qəti qərarı yoxdur, baxmayaraq ki, güc tətbiqini istisna etmir.
Məlumatlar var ki, Vaşinqton Tehranla danışıqlar üçün şərtlər irəli sürüb. Xüsusilə, İranın ballistik raketlərin mənzilini məhdudlaşdırmasını tələb edib.
Lakin Tehran bu tələbi rədd edib və yalnız nüvə proqramını müzakirə etməyə hazır olduğunu bildirib.
“Reuters”ın mənbələri bildirir ki, ABŞ Prezidenti Donald Trump İrana zərbə endirmək və yeni etiraz aksiyalarını təhrik etmək variantını müzakirə edir.
“Bloomberg” isə yazır ki, Vaşinqton Tehrana qarşı təzyiq variantlarını, o cümlədən İranın təhlükəsizlik qüvvələrinə, hərbi rəhbərliyinə və strateji obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir.
Jurnalın fikrincə, məqsəd İranın hakim rejimini destabilizasiya etmək və etiraz hərəkatını dəstəkləməkdir.
Keçən gün ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb:
“Yaxın Şərqdə yerləşən ABŞ donanmasına ‘Abraham Lincoln’ aviadaşıyıcısı rəhbərlik edir. İran sahillərinə böyük bir donanma yaxınlaşır. O, yüksək sürətlə və güclü qüvvəylə hərəkət edir. Venesuela ilə olduğu kimi, bu dəfə də o, öz missiyasını tez və zəruri hallarda zorakılıqla yerinə yetirməyə hazırdır”.
İranın Xarici işlər naziri Abbas Araqçi isə cavab olaraq X-də yazıb:
“İranın silahlı qüvvələri hər hansı təcavüzə cavab verməyə hazırdır. 12 günlük müharibədən çıxarılan dəyərli dərslər bizə daha güclü, sürətli və dərin cavab verməyə imkan verdi.
Lakin İran həmişə təzyiq və təhdidlər olmadan ədalətli nüvə sazişinə sadiq qalıb. İran sülhyönlü nüvə texnologiyalarına sahib olmaq hüququna malikdir, lakin nüvə silahının olmamasını zəmanət verir”.
ABŞ-İran arasında gərgin bəyanatlarla paralel olaraq Beyrutda etiraz aksiyaları davam edir. “Hizbullah” və İran bayraqları altında toplaşan nümayişçilər ərəb dilində “Biz sənin xidmətindəyik, Qasım!” şüarı səsləndirirlər.
Burada “Hizbullah”ın lideri Şeyx Naim Qasım nəzərdə tutulur.
Öz növbəsində Qasım cavab verib ki, vəziyyəti müzakirə edəcəklər və necə hərəkət edəcəklərini anlamağa çalışacaqlar, lakin aydın şəkildə qeyd edib ki, onlar heç də bitərəf deyillər:
“Trump və ya başqası İranın ali lideri Ayətulla Əli Xameneini öldürməklə hədələdikdə, bu, milyonlarca, xeyr, on milyonlarca və daha çox insana hədə qoymaq deməkdir.
Çünki o, onların liderinə hədə qoyur. Və bu məsələdə susa bilmərik – bu hamımızın ümumi məsuliyyətidir. Biz bu təhdidə qarşı durmaq üçün bütün lazımi tədbirləri hazırlamağa söz veririk”.
Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İran hökuməti heç vaxt bu qədər zəif olmayıb. Onun fikrincə, ölkənin iqtisadiyyatı çöküş ərəfəsindədir.
Beynəlxalq mətbuat ABŞ-İran qarşıdurmasını təhlil edərək yazır ki, Yaxın Şərqdə Vaşinqtonun müttəfiqləri mümkün istənməyən inkişaflardan narahatdırlar, çünki İrana hücum bütün regionu genişmiqyaslı münaqişəyə sürükləyə bilər.
Tehran isə ABŞ təhdidlərə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirəcəyini açıqlayıb. Bu bəyanat Qətər, BƏƏ və Səudiyyə Ərəbistanında ciddi narahatlıq yaradıb.
Bu şəraitdə Avropa Birliyinin Xarici işlər naziri Kaya Kallas açıqlayıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatlarının siyahısına daxil etmək niyyətindədirlər.
Bu o deməkdir ki, İranın hazırkı rəhbərliyi də “Əl-Qaidə” və “HƏMAS” kimi terror təşkilatı kimi tanına bilər.
Gərginliyi azaltmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdaxilə etmək qərarına gəlib. O, İran məsələsində üçtərəfli sammit təşkil etməyi təklif edib.
Bu təklifi ABŞ prezidenti Trump-a da çatdırıb. Yaxın günlərdə İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir ki, bu zaman da bu məsələ müzakirə ediləcək. Yeri gəlmişkən, ABŞ-nin Türkiyədə də hərbi bazaları var.







