
Ermənistanın ikinci Prezidenti və müxalifət “Hayastan” (“Ermənistan”) blokunun lideri Robert Koçaryan bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə hansı formatda qatılacaqları hələ müzakirə olunur.
Verilən məlumata görə,Koçaryan bu haqda 29 yanvar tarixində keçirilən mətbuat brifinqində açıqlamışdır.
Koçaryan qeyd edib ki, onlar 2021-ci ildəki seçkilərdə olduğu kimi eyni formatda iştirak etməyə meyllidirlər, lakin hələ qəti qərar qəbul etməyiblər.
Ermənistanın ikinci Prezidenti bildirib ki, bu məsələ ilə bağlı yekun qərar fevral ayında veriləcək.
Baş nazirliyə namizəd barədə soruşulan zaman Koçaryan cavab verib ki, fevralın əvvəlində ictimai sorğu keçirəcəklər və onun nəticələrinə görə namizəd müəyyən ediləcək.
“Əgər sorğu göstərərsə ki, mən aparıcıyam, onda namizəd mən olacam. Əgər məlum olarsa ki, blokumuzda daha çox səs toplaya biləcək biri var, onda namizəd o olacaq.
Mən namizəd olmasam çox xoşbəxt olaram, böyük bir yükdən azad olaram” — deyə Koçaryan vurğulamış və əlavə etmişdir ki, media tərəfindən yayımlanan son sorğuların nəticələrinə görə hazırda ən çox şansı olan namizəd özüdür.
Koçaryan həmçinin fikrini bildirib ki, bu dəfə müxalifət qüvvələrinin geniş ittifaq qurması üçün daha yaxşı şanslar var.
“Biz indi seçkilərə 2021-ci ilə nisbətən daha yaxşı vəziyyətdə gedirik. Əgər o dövrdəki reytinq məlumatlarını müqayisə etsək, indi daha yaxşı vəziyyətdəyik” — deyə Robert Koçaryan bildirmişdir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.







