
Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens bildirib ki, Ermənistan və ABŞ arasında tərəfdaşlıq üçün yeni bir başlanğıc qoyulur və Vaşinqton İrəvanla əməkdaşlıqdan qürur duyur.
Verilən məlumata görə, Vens bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyannamə zamanı açıqlayıb.
Vens qeyd edib ki, ABŞ Prezidenti və Ermənistanın Baş naziri birlikdə böyük nailiyyətlər əldə ediblər:
“Sülh ehtiyatlı insanlar tərəfindən qurulmur, sülh keçmişdə qurulmur, sülh gələcəkdə qurulur. Ermənistanın Baş naziri, mənim və Prezident Trampla birlikdə işləyərək, təkcə Ermənistan üçün sülh yaratmır, həm də ABŞ ilə birlikdə rifahı təmin edir.
Bu gün biz Sizin (qeyd: Ermənistanın baş naziri) rəhbərliyiniz, sadiqliyiniz və ABŞ Prezidentinin liderliyi olmadan mümkün olmayan şeyləri elan etmək istəyirik.
Əminəm ki, bu gün Ermənistan və ABŞ arasında tərəfdaşlıq üçün yeni bir başlanğıc qoyulur”.
Vens vurğulayıb ki, İrəvan və Vaşinqton arasında imzalanan sazişlə ABŞ, NVIDIA şirkəti üçün bir sıra lisenziyalar təsdiq edib, bu da həm ABŞ, həm də Ermənistan şirkətləri üçün yeni bazarlar və yeni iş imkanları deməkdir.
“Bunlar yarımkeçiricilərdir ki, dünyanın əksər yerində mövcud deyil və yoxdur. İndi burada, Ermənistanda, Baş nazir Paşinyanın rəhbərliyi sayəsində artıq (qeyd: süni intellekt server mərkəzləri) tikilir”.







