
ABŞ-ın Nevada Universitetinin politologiya professoru Nerses Kopalyanın qiymətləndirməsinə görə, Ermənistan-ABŞ münasibətlərinin hazırkı mərhələsi strateji dönüş kimi xarakterizə olunur ki, burada Ermənistan etibarlı və bacarıqlı tərəfdaş kimi dəyərləndirilir.
Onun sözlərinə görə, amerikalı yüksək vəzifəli məmurların səfərləri ətrafında yayılan sui-qəsd nəzəriyyələri sistematik xarakter daşıyır və məqsədi Qərblə tərəfdaşlıq hesabına Ermənistanın suverenliyinin möhkəmlənməsinə mane olmaqdır.
Factor TV-yə verdiyi müsahibədə Kopalyan ABŞ ilə əməkdaşlığın əsas istiqamətlərini – enerjidən hərbi texnologiyalara qədər – təhlil edərək, bunları Ermənistanın gələcəyi üçün təməl daşı hesab edir.
Guya ABŞ Ermənistanı İrana qarşı istifadə etdiyi tezislərə toxunan Kopalyan qeyd edir ki, bu nəzəriyyələr əsasən Rusiyanın proksi qüvvələri tərəfindən yayılır.
Professorun sözlərinə görə, bu rəvayətlər real addımlarla, xüsusən də İran səfirinin müsbət reaksiyası ilə təkzib olunur.
O, həmçinin blokadanın açılması prosesini “türkləşmə” təhlükəsi ilə etiketləmək cəhdlərinə də toxunub: “Bu termin yeni deyil, çünki Rusiya uzun müddətdir türk qorxusundan istifadə edərək, türkləşmə məntiqini bizim erməni siyasi mədəniyyətimizə yayıb ki, özünün Ermənistanda mövcudluğunu əsaslandırsın. Yəni əgər Rusiya olmasa, Ermənistan bitdi və türk hücum edəcək”.
Nüvə energetikası sahəsində ABŞ vitse-prezidenti Cey Di Vensin elan etdiyi 9 milyard dollar barədə danışan Kopalyan izah edir ki, söhbət borc və ya əvəzsiz puldan deyil, uzunmüddətli investisiya və maliyyə paketlərindən gedir.
Onun sözlərinə görə, Ermənistan dünyada “123 Sazişi” çərçivəsində ABŞ-dan nüvə texnologiyalarına çıxış əldə edən 26 ölkədən biri olub:
“Birinci mərhələ 10 illik proqramdır. Və təbii ki, orada müxtəlif maliyyə, qrant və müxtəlif mexanizm paketləri olacaq… Ermənistan Respublikası artıq dilənçi ölkə deyil”.
Onun fikrincə, süni intellekt sahəsində əməkdaşlıq Ermənistanı regional texnoloji mərkəzə çevirir: “Süni intellekt gələcəkdir. Bu sahədə irəliləmiş və investisiya yatırmaq imkanı olan ölkələr gələcəkdə artıq üstünlük əldə edəcəklər. Sən bütün region üçün texnologiya mərkəzinə çevrilirsən”.
Kopalyan təsdiq edir ki, Ermənistan üçün Amerika silah bazarının qapıları açılıb, halbuki, bu yaxınlara qədər qeyri-mümkün görünürdü:
“Təxminən 8-9 ay əvvələ qədər Ermənistan Respublikası ABŞ Müdafiə Nazirliyinə yaxınlaşa bilmirdi. Bu, qeyri-mümkün idi. Bizim üçün bütün qapılar bağlı idi.
Biz KTMT-yə üzvlüyümüzü dondurduqda, yəni de-fakto KTMT-dən çıxdıqda, o zaman biz etibarlı tərəfdaş olduğumuza inandıra bildik.
Ona görə də vaxt gəldi. Əlbəttə, bəli, bu artıq fikir deyil, bu faktdır. Sizdən hansı növ silahlar ala bilərik və ABŞ-ın reaksiyası budur ki, əlbəttə, gəlin oturaq, müzakirə edək, biz sizə satmağa hazırıq, çünki siz etibarlı tərəfdaşsınız”.
O, əlavə edir ki, hazırda nə Gürcüstan, nə də Azərbaycan belə texnologiyaları əldə etmək imkanına malik deyil.
Regionda ABŞ-ın strateji maraqları barədə söhbəti yekunlaşdıran politoloq iki əsas məqsəd qeyd edir: birincisi – demokratik, sabit və proqnozlaşdırıla bilən tərəfdaşa sahib olmaq, ikincisi – regionda sabitlik, iqtisadi artım və blokadanın açılmasını təmin etməkdir.
Mənbə factor.am.







