
Ermənistan Respublikasının xahişi ilə Gürcüstandan Ermənistana gedən qaz kəmərinin 5,5 kilometrlik hissəsi başqa yerə köçürüləcək.
Armenpress-in məlumatına görə, bu barədə Sputnik agentliyinin Gürcüstan xidməti məlumat verib. Qeyd olunur ki, artıq Gürcüstan Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinə müvafiq ərizə təqdim edilib.
Mənbənin sözlərinə görə, sənədlərə əsasən, kəmərin yerinin dəyişdirilməsi Ermənistan tərəfinin xahişi ilə bağlıdır, çünki kəmərin Ermənistan hissəsi üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir və 1990-cı illərdə minalanıb.
Əsaslandırmada deyilir: “Bu hissədə minimum təhlükəsizlik standartlarına riayət etməyin və təmir işlərinin aparılmasının mümkün olmadığı nəzərə alınaraq, qaz kəmərinin yuxarıda qeyd olunan problemli hissəsinin minalanmış zonadan çıxarılması və təhlükəsiz məsafədə yeni qaz kəmərinin çəkilməsi qərara alınıb”.
Qeyd olunur ki, kəmər bir neçə kilometr irəli çəkiləcək və Ermənistan tərəfindən tikilmiş yeni hissəyə birləşdiriləcək.







